Sofiya şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)


Digərləri 19 Yan 2018 23:31:00 229 0

Sofiya şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

19 yanvar 2018-ci il tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş Qara Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsi yad edilib.

Bakı. 19 yanvar 2018-ci il tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 1990-cı ilin 20 yanvar tarixində baş vermiş Qara Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsi yad edilib. Trend-ə səfirlikdən verilən məlumata əsasən, Anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova 20 yanvar tarixində baş vermiş dəhşətli hadisələrin günahsız qurbanlarını yad etmək və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş soydaşlarımızı xatırlamaq üçün toplaşmış mərasim iştirakçılarına təşəkkürünü ifadə edib. Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin tarixdə böyük faciələr və ağır itkilərlə müşayiət olunduğunu söyləyən səfir ümumxalq hüzn günü kimi qeyd etdiyimiz 20 yanvar tarixinin yaddaşlara Qara Yanvar kimi həkk olunduğunu, eyni zamanda Azərbaycan xalqının istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb. Tarixi prizmadan yanaşdıqda Qara Yanvara aparan yolun məhz 1988-ci ilin ziddiyyətli hadisələrindən başlandığını bildirən N.Qurbanova Sovet rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddialarının xalqımıza qarşı repressiya və etnik dözümsüzlüklə nəticələndiyini, qəddar hücumlar nəticəsində, 250 mindən artıq azərbaycanlının Ermənistan ərazisindəki əsrlərboyu yaşadıqları doğma yurdlarını tərk etməyə məcbur edildiyini vurğulayıb. Ermənistandan kütləvi deportasiyaları zamanı ən azı 216 azərbaycanlının ermənilər tərəfindən öldürüldüyü, 1154 nəfərinin yaralandığı, Azərbaycan xalqının isə Sovet rəhbərliyinin məkrli planlarına etiraz edərək Dağlıq Qarabağda ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, ədalətin bərpa olunmasını demokratik yollarla tələb etdiyi mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Diplomat xalqın dinc və haqlı tələblərinə M.Qorbaçov hökumətinin amansızasına cavab verdiyini bildirərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsilli əsgər və zabitlərin də iştirak etdiyi SSRİ Müdafiə Nazirliyinin bölmələri, DİN-in xüsusi təyinatlıları və SSRİ DTK-nın “Alfa” qrupun üzvləri tərəfindən mülki əhalinin gülləbarana tutulduğunu vurğulayıb. Daha sonra Bakının xüsusi qəddarlıqla zəbt olunduğu, hərbi hücum nəticəsində 147 nəfər Azərbaycan vətəndaşının öldürüldüyü, 744 nəfərin yaralandığı, 841 nəfərin isə əsassız həbs olunduğu barədə iştirakçılara məlumat verilib.