Diabetönü heç də səssiz xəstəlik deyil


Digərləri 19 Yan 2018 22:40:00 232 0

Diabetönü heç də səssiz xəstəlik deyil

Diabetönü hələ şəkərli diabet diaqnozu qoyulmamış, amma artıq qan şəkərlərinin normadan yüksək olanlara qoyulan diaqnozdur. Araşdırmalar göstərir ki, II tip şəkərli diabet xəstəliyi tədricən inkişaf edən xəstəlikdir. Həmin diaqnoz qoyulmuş xəstələrin qan şəkərləri birdən-birə yüksəlmir; əvvəlcə normadan bir az yuxarı olur, illər keçəndən sonra yavaş-yavaş yüksələrək şəkərli diabet diaqnozu qoyula biləcək səviyyəyə çatır.

Həmin əlamətləri olanların təxminən 70 faizi gələcəkdə diabet xəstəsi olur. II tip diabet diaqnozu qoyulan zaman xəstələrin 10-40 faizində artıq ağırlaşmalar baş verir. Bu, diabetönünün heç də səssiz bir mərhələ olmadığını göstərir. Diabetönü həm kardiovaskulyar, həm də diabet ağırlaşmalarına səbəb ola bilər. Həmin diaqnoz qoyulmuş xəstələrdə əsas məqsəd II tip diabetin və kardiovaskular ağırlaşmalarının qarşısını almaq və ya ləngitməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bütün bunlar barədə məlumat verən endokrinoloq Gülay Məmmədova diabetönü əlamətlərin əmələ qəlməsində rol oynayan risk faktorları haqqında deyib: "Diabetönü əlamətlərin inkişafında rol oynayan risk faktorları II tip şəkərli diabetdə olduğu kimidir. Həmin risk faktorlarına ailəsində şəkər xəstəliyi, ürək-damar xəstəliyi, normadan artıq çəkisi, arterial təzyiqi yüksək, insulin həssaslığının azalması ilə əlaqədar xəstəliyi və ya əlamətləri olanlar və ya təzyiqsalıcı dərman qəbul edənlər, oturaq həyat tərzi keçirənlər, şizofreniya xəstələri, qeyri-alkoqol qaraciyər piylənməsi və diabet əmələ gəlmə riskini artıran bəzi dərmanlardan istifadə edənlər və başqaları daxildir.

İnsulin həssaslığının azalması bəzən yanlış olaraq diabetönü adlandırılsa da, əslində fərqli vəziyyətdir. İnsulin həssaslığının azalması hər zaman patolojı deyildir, çünki bu hal bir sıra fiziolojı vəziyyətlərdə də -cinsi yetişkənlik, hamiləlik, yaşlılıq, fiziki aktivliyin azalması və bəzi dərmanları qəbul edilməsi zamanı da ola bilər. Diabetönü adətən insulin həssaslığının azalması ilə piylənmə nəticəsində əmələ gələn vəziyyətdir".