"Harada kino görürlərsə, elə bilirlər mən çəkmişəm"
Kriminal 19 Yan 2018 21:57:00 252 0
Rüfət Şahbazov: "Nə vaxt uşaqlarımın xeyrinə nəsə edirəmsə, mənə "sən bu gün əsl kişisən" deyirlər"
Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.
Tanınmış film və serial rejissoru Rüfət Şahbazov "Mənim balam" rubrikamızın qonağı oldu. Rejissor bizimlə söhbətində övladlarından və onların təlim-tərbiyəsindən danışdı. Rüfət Şahbazovu rejissor kimi yaxşı tanısaq da, bu layihədə onu həm də ata kimi tanımış olduq. Rejissorun 2 oğlu var. Böyük oğlu Kamal 5, kiçik oğlu Mübariz isə 2 yaşındadır.
- Rüfət bəy, uşaqları tərbiyə edərkən hansı üsuldan yararlanırsınız?
- İki 2 oğlum var. Onların tərbiyəsində müxtəlif üsullardan istifadə edirik. Bura dədə-babadan gələn və öz üsullarımız aiddir. Elə vaxt olur ki, müasir metodlardan da istifadə edirik. Hərdən olur ki, özüm də uşaqlaşıram. Bir də onda ayılıram ki, saatlardır onlarla birlikdə oynayıram. - Uşağı böyüdərkən nədənsə çəkinmələri üçün onları hədəyir və yaxud yüngül döyürsünüzmü?
- Əsla. Uşağı vurmağın qəti əleyhinəyəm. 7 yaşı çatana qədər uşağa "olmaz" demək düzgün deyil. Sadəcə, yaranan təhlükələrin qarşısını almaq üçün yüngül tədbirlər görmək lazımdır. Əgər uşağa "bunu etmək olmaz" desəniz, bu ona maraqlı gələcək və uşaq gedib onu edəcək. Uşağı bir dəfə vurdunsa, ikinci dəfə ona göz ağardanda, o səndən qorxmayacaq. Çünki o artıq səndən ona gələ biləcək ən şiddətli şeyin dadını bilmiş olacaq. Uşaqla o qədər mehriban və dost olmalısan ki, ona bir dəfə göz ağardanda, bu ona vurmaqdan da ağır gəlsin.
- Övladlarınız sizdən qorxurmu?
- Qorxmurlar. Hətta bazar günləri onları gəzməyə aparanda deyirlər ki, "sən bu gün əsl kişisən" (gülürük). Nə vaxt onların xeyrinə nəsə edirəmsə, mənə bu sözü deyirlər. Qalan vaxtlarda bilmirəm mənə necə baxırlar (gülür).
- Zəmanə uşaqlarıdırlar, zamanın nəbzini tutmağı bacarırlar.
- Elədir. Axşam evə gələndə uzaqdan mənə tərəf sürətlə qaçırlar. O zaman elə düşünürəm ki, bütün günü mənim üçün darıxıblar və qucağıma qaçırlar. Türk kinolarındakı o təsirli səhnələr kimi. Amma mənə çathaçatda əlimdəki paketi alıb qaçırlar, özüm heç yada da düşmürəm. Balaca oğlum işi düşəndə qaçır qucağıma, istədiyini əldə edəndən sonra nə qədər çağırsam da yanıma gəlmir.
- İşinizin çoxluğundan xəbərdarıq. Hətta bəzi gecələri montajda keçirdiyinizin də şahidi olmuşuq. Bu qədər işin içində uşaqlara zaman ayıra bilirsinizmi?
- Həftənin bazar günlərini uşaqlara həsr edirəm. Evə gec gedəndə belə, böyük oğlumun oyaq olduğunu görürəm. Oturub onunla söhbət edirik. Balaca oğlum hələ çox uşaqdır, tez yatır və səhər tezdən durur. Ona görə onu az görürəm. Səhər tezdən anası Mübarizi bağçaya aparır. İş qrafikimiz elədir ki, onunla söhbət etmək, oynamaq imkanım olmur. Mübarizi yalnız həftə sonları görə bilirəm. Gec görəndə daha şirin olur, onda gözdən düşmürəm (gülürük). Yeni il tətilində 3-4 gün evdə oldum, bütün günümü onlarla keçirdim. Tətil bitəndən sonra gördüm ki, uşaq artıq məndən doyub.
- Övladlarınız çəkdiyiniz seriallara, filmlərə baxırlarmı?
- Hansı filmə baxıramsa, Kamal yaxınlaşıb deyir ki, bu filmi sənmi çəkmisən? Kamal 18 nömrəli məktəbin məktəbəqədər hazırlıq kursunda oxuyur. Bir gün təsadüfən Xəzər televiziyasının proqramlarından biri üçün ora gedib uşaqlardan müsahibələr götürmüşdülər. Uşaqlar demişdi ki, biz "Ata ocağı" serialına baxırıq. Bu da televiziya işçilərinə təəccüblü gəlmişdi. Müəlliməsi məsələyə aydınlıq gətirmişdi ki, Kamalın atası o serialın rejissorudur deyə burda, valideynlər və bəzi uşaqlar o serialı izləyirlər. Kamal oxuduğu məktəbdə mənim çəkdiyim serialı təbliğ edir. O mənim təbliğatçımdır.