"Energy Aspects": Bu il ABŞ-ın neft ixracı 1,5 mln. barel/günə çata bilər


İqtisadiyyat 19 Yan 2018 21:01:22 275 0

"Energy Aspects": Bu il ABŞ-ın neft ixracı 1,5 mln. barel/günə çata bilər

Artıq II yarımillikdə ABŞ-da neft hasilatının kəskin artması gözlənilir

Avropa və Asiyadan tələbin artması nəticəsində 2018-ci ildə ABŞ-dan neft ixracının artması ehtimal edilir.

"Report" "Energy Aspects" energetika bazarı araşdırma və konsaltinq şirkətinin hazırladığı hesabata istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ABŞ-dan neft və neft məhsulları ixracı 2018-ci ildə 45% artaraq 1,5 mln. barel/günə çatacaq.

Şirkətin baş analitiki Amrita Sen bildirib ki, II yarımillikdə ABŞ-da hasilatın kəskin artması gözlənilir: "Meksika körfəzi sahilindən ixrac yüksək olacaq". Onun fikrincə, ABŞ neftinə tələbatın artmasına səbəb neft emalı zavodları ilə neft-kimya müəssisələrinin sıx inteqrasiyası amili olacaq.

ABŞ Energetika İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, 2017-ci il yanvar-oktyabr aylarında ABŞ-ın orta gündəlik neft ixracı 1,037 mln. barel təşkil edib. 2016-cı ildə isə bu göstərici 591 min barel/gün olub.