Bilik Fondu 20 Yanvar şəhidlərini yad edib (FOTO)


Digərləri 19 Yan 2018 19:01:00 227 0

Bilik Fondu 20 Yanvar şəhidlərini yad edib (FOTO)

Bilik Fondu silsilə tədbirlər keçirib.

Bakı. Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış, təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş 1990-cı ilin 20 yanvar cinayəti artıq 28 ildir ki tariximizdə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev bu amansız cinayəti Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi dəyərləndirdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oktay Səmədov gənc nəslə Yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə Azərbaycan gerçəklərindən danışmağın vacibliyini vurğulayıb. 20 Yanvar faciəsinə həsr olunuş tədbir Bilik Fondu və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə keçirilib. Tədbirdə “20 Yanvar - müstəqilliyimizin bərpasına gedən yol” mövzusunda məruzə ilə çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə növbəti tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əcnəbi tələbələrin iştirakı ilə keçirilib. Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli əcnəbi tələbələrə Azərbaycan xalqının milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti və xalqın mübarizəsi haqqında məlumat veriblər. Çıxışlarda 20 Yanvar günü milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyi bildirilib.