ADU-da 20 Yanvar hadisələri ilə bağlı konfrans keçirilib


Digərləri 19 Yan 2018 18:58:09 246 0

ADU-da 20 Yanvar hadisələri ilə bağlı konfrans keçirilib

“20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçirildiyini söyləyib. O, qeyd edib ki, bu tip tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu var, ona görə də, bundan sonra da bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. S.Hüseynov daha sonra mövzu ilə bağlı məruzələri dinləmək üçün sözü tələbələrə verib. Universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 250-ci qrup tələbəsi Şahin Sərdarlı “Qanlı Yanvar faciəsinin başlıca səbəbləri” mövzusunda çıxış edərək qanlı faciənin baş vermə səbəbləri və gerçəkliklər barədə ətraflı məlumat verib. O, hadisənin milli, dini və coğrafi mövqe amilləri ilə yanaşı, mərkəzin sovet imperiyasını qoruyub saxlamaq, milli respublikalarda hakimiyyəti möhkəmlətmək xətti, hakimiyyətin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, Azərbaycanın ərazi bütövlüyünü pozmaq, erməni separatizmi və Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti kimi amillər, ayağa qalxmış xalqa rəhbərliyi öz əllərinə alanların naşılığı və siyasətbazlığının nəticəsində baş verdiyini bildirib. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 248-ci qrup tələbəsi Güllü Səfərova “Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin qanlı Yanvar faciəsinə münasibəti” mövzusunda məruzə ilə çıxış edib. O, faciənin ertəsi günü ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaltdığını, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pislədiyini, faciənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdiyini qeyd edib. G.Səfərova bildirib ki, Prezident İlham Əliyev qanlı hadisəni Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə yazdığı parlaq səhifə kimi qiymətləndirib. Tədbirdə Filologiya və jurnalistika fakültəsinin 341a qrup tələbəsi Elnarə Ağaməmmədova 20 Yanvarla bağlı yazdığı şeirini, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 155-ci qrup tələbəsi Bədiyyə Sadıqova isə “Bayraq” şeirini səsləndiriblər.