Azərbaycan Universitetində 20 yanvar şəhidlərinin xatirəsi yad olunub (FOTO)


Digərləri 19 Yan 2018 18:42:00 246 0

Azərbaycan Universitetində 20 yanvar şəhidlərinin xatirəsi yad olunub (FOTO)

Azərbaycan Universitetinin kollektivi 20 yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib.

Bakı. Azərbaycan Universitetinin kollektivi 20 yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə qərənfillər düzülüb. Universitetin inzibati binasında isə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Müstəqilliyimizin bərpasına gedən yol – 20 Yanvar” adlı anım tədbiri keçirilib. Əvvəlcə “20 yanvar tələbələrin gözü ilə” foto və rəsm stendinə baxış keçirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə qeyd olunub ki, 20 Yanvar faciəsini törədənlərin məqsədi milli azadlıq hərəkatını boğmaq və Azərbaycanda kommunist rejimi saxlamaq idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olanlar tariximizə parlaq bir səhifə yazaraq müstəqilliyimizin bərpası üçün yol açıb.