Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb


Siyasət 19 Yan 2018 17:15:19 260 0

Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb

Səfir: "Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq"

"Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qanlı Yanvar" hadisələrinin 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir SSRİ-nin dağılması prosesinin məhz elə 1990-cı ilin yanvar hadisələrindən, hökumətin dövlətin öz vətəndaşlarının üzərinə tank sürdürməsindən sonra başladığını qeyd edib: "O zaman millət milli qürurun qalib gəlməsi istəyi ilə birləşmişdi. Azərbaycanlıların partiya biletlərini kisələrdə gətirib küçənin ortasında yandırdıqlarını yaxşı xatırlayıram".

O həmçinin Azərbaycan səfirliyinin binasının əbədi olaraq bu faciə ilə əlaqəli olduğunu xatırladıb: "1990-cı il yanvarın 21-də Heydər Əliyev bu binaya gələrək törədilən hadisənin cinayət olduğunu deməkdən çəkinməyib. Bu, həmin bədxah addıma ilk siyasi qiymət idi. Ölkənin bütün ideoloji sistemini ittiham etmək böyük cəsarət tələb edirdi".

Onun fikrincə, Azərbaycan xalqı var olduqca həmişə şəhidlərini xatırlayacaq: "Azərbaycan bü gün dünyanın hesablaşdığı suveren dövlətdir. Bu, Azərbaycan xalqına qarşı əl qaldırmağa cəsarət edən təcavüzkarlara ən yaxşı cavabdır".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinə gələn Azərbaycan diasporunun üzvləri, Moskva ziyalılarının nümayəndələri və Rusiya akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları faciə qurbanlarının xatirəsinə gül dəstələri və gül çələngləri qoyublar.

Yanvar şəhidlərinin ruhuna ehsan verilib.