MİDA: Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur


Digərləri 19 Yan 2018 16:48:16 257 0

MİDA: Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində 2017-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclası keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində 2017-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclası keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, iclası giriş nitqi ilə açan qurumun direktoru Samir Nuriyev təşkilatın 2017-ci il ərzində fəaliyyətinin əsas nəticələri barədə ətraflı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən Samir Nuriyev əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Agentliyin direktoru bildirdi ki, ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir. Samir Nuriyev, bu strateji sənəd ilə müəyyən olunmuş hədəflərə uyğun olaraq, hesabat dövründə Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına, bunun üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, əhalinin güzəştli mənzillərlə təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və gündəlik işdə tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırdı. Bununla yanaşı, 2017-ci il Agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qaldı. Belə ki, Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanmış və hazırda sürətlə davam etdirilməkdədir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.