Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: "Atamı balta ilə vurdum"


Digərləri 19 Yan 2018 16:21:00 324 0

Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: "Atamı balta ilə vurdum"

9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən qətl törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib.

2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsinə dair qərar çıxarıb. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılır.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib.

O, verilən ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə sərbəst ifadə verən Azər Yaqubov ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib.

Hakim bildirib ki, istintaq materiallarında Azər Yaqubovun atası Şaban Yaqubova balta ilə 3 dəfə zərbə vurduğu qeyd edilib.

Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu deyib.