Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları


Digərləri 19 Yan 2018 16:16:00 241 0

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

"İddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır.

Bakı. İlhamə İsabalayeva - "İddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur". Trend-in məlumatına görə, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib. Onun sözlərinə görə, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb və ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək: "Son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir. Hətta bəzi tanınmış ziyalılar yeni orfoqrafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli "Dövlət dili haqqında" Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Nazirlər Kabineti tərəfindən təsdiq edilir". B.Məhərrəmli qeyd edib ki, “Orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoqrafiya lüğətinin tərtib olunmasına ehtiyac var: