ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb (FOTO)


Digərləri 19 Yan 2018 14:54:00 239 0

ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmiri qəbul edib.

Bakı. Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmiri qəbul edib. ADU-nun İctimaiyyətlə əlaqə Departamentindən Trend-ə verilən məlumata görə, qonağı ölkəmizdə, o cümlədən ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişafına əmin olduğunu söyləyib. Rektor təəssüflə qeyd edib ki, türk dili, tarixi, mədəniyyəti, ədəbiyyatı kimi mövzuları özündə birləşdirən türkologiya elmi birləşdirici mövqedən çıxış edə bilmir, hər ölkə ayrıca olaraq bu istiqamətdə müəyyən işlər görür. Kamal Abdulla vurğulayıb ki, bu cür yanaşma qəbul edilə bilməz və türkologiyanın birləşdirici mövqedən çıxış etməsi üçün konkret addımların atılmasına ehtiyac var. Azərbaycanda “Türkologiya” jurnalının buraxıldığını, jurnalın ciddi beynəlxalq uğurlar qazandığını söyləyən ADU rektoru maraqlı bir təşəbbüs haqqında məlumat verib: “Dünyanın müxtəlif ölkələrində türkologiya jurnalları çıxır. Biz o jurnalların redaktorlarını Bakıda toplamaq və “Türk dünyasında türkoloji dərgiləri” adı altında bir konfrans keçirmək niyyətindəyik. Bu böyük tədbirin iki ildən bir keçirilməsi planlaşdırılır. Həmin tədbirdə türkologiya sahəsində ciddi işlər görmüş alimlərə mükafatların verilməsi də nəzərdə tutulur”.