“Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”


Digərləri 19 Yan 2018 14:46:00 391 0

“Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”

Son.az Azərbaycan Respublikasının Dövlət Dil və AMEA-nın Orfoqrafiya Komissiyasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun report-a müsahibəsini təqdim edir:

- "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi haqqında müzakirələri izləyirsinizmi? Müzakirələr sizi qane edirmi?

- İnsanlar yenilik yarananda tam təfərrüatına varmadan yeniliyə qarşı aqressiya göstərirlər. Orfoqrafiya layihəsi ilə bağlı olan fikirlərdən təbii ki, işin xeyrinə olan münasibətlər də var, amma aqressiv münasibətlər daha çoxdur. Bu münasibət təkcə hansısa hərf dəyişikliyinə olan münasibət deyil, həm də yeniliyə qarşı çıxmaqdır.

Bəzən cəmiyyətin hər bir üzvü müəyyən məsələlər barədə fikir yürütmək istəyir. Düzdür, dil təkcə bir qurumun, bir təşkilatın dili deyil, xalqın dilidir. Amma dilin taleyi ilə bağlı tədqiqat aparmaq, gələcək inkişaf prespektivləri ilə bağlı müəyyən işlər görmək, dilin yazı qaydaları ilə bağlı fikirlər irəli sürmək peşəkarların işidir, hər insanın işi deyil. Təəssüflər olsun ki, bəzən müəyyən qaydalarla bağlı peşəkarlardan çox qeyri-peşəkarlar fikir irəli sürür, bu, düzgün deyil.

Az qala hər kəs bu 69 qaydaya və yeni çap olunacaq lüğətə münasibət göstərir. Bu yaxşı hal deyil, dilin qaydasını hamı yaza bilməz.

Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə belə fikirlər oxuyuram ki, "Dil Komissiyasına yazıçılar, şairlər, ziyalılar daxil edilməlidir". Hazırda Dil Komissiyasında yazıçı da, ziyalı da, dilçi də, ictimai-siyasi xadim də var.

Sosial şəbəkələri izləyirəm, vətəndaşlarımız "İşimiz-gücümüz qurtarıb, indi də orfoqrafiyanı dəyişirik" kimi ifadələrlə fikirlərini bildirməyə çalışırlar. Orfoqrafiya dəyişmir, orfoqrafiyada müəyyən sözlərin yazılışı dəyişir. Orfoqrafiya dilin lüğət tərkibində olan sözlərin yazılış formasını qaydaya, sistemə salan bir kitabdır. Yəni dilin yazılış qaydasını qanuniləşdirir ki, heç kəs bu qanundan kənara çıxmasın. Orfoqrafiya lüğəti Ana dilinin yazılış qaydasının konstitusiyasıdır. Bu konstitusiyada hər bir qayda, müddəa yerində olmalıdır. Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz.

Deyirlər ki, "Nə tez-tez orfoqrafiya lüğəti dəyişir?" Əslində, cəmiyyətin özü tez-tez dəyişir, yenilənir. Cəmiyyət yeniləndikcə ona aid olan sahələr yenilənir, onda da dilə yeni sözlər, terminlər gəlir ki, həmin sözlərin də yazılış qaydası yaradılmalıdır.

Təbii ki, illərlə sistemləşmiş, oturuşmuş, hamının qəbul etdiyi qaydalara toxunulmur, onlar mübahisəsiz qəbul edilir. Həmin qaydaların böyük əksəriyyəti əvvəlki lüğətlərdə də var.

- "Əsgər", "Ələsgər" və bu qisim sözlərin yazılışının dəyişməsi təklifinə sizin fikriniz necədir?

- Azərbaycan dilinin lüğət tərkibində bir qisim sözlər Fonetik prinsipə əsaslanır, yəni tələffüz olunduğu kimi yazılır. Əslində, bu hal dil üçün asanlıq yaradır. Hansı dildə ki, yazı ilə tələffüz fərqlidir, o dili öyrətmədə və öyrənmədə çətinliklər çox olur.

Qeyd etdiyiniz sözlərdə də sözün tələffüzü nəzərə alınmalıdır. Bu söz isə Azərbaycan xalqı tərəfindən "g" hərfi ilə tələffüz edilir. Müzakirəyə verilən qaydalar hələ layihə formasındadır, Nazirlər Kabinetinə göndərilənən qədər iradlar mütləq nəzərə alınacaq.

- "Alqı-satqı" sözünün yazılışının dəyişilməsi ictimaiyyət tərəfindən qınaqla qarşılandı. Sözün olduğu kimi saxlanması ehtimalı varmı?

- Bu söz tarix boyu müxtəlif variantlarda yazılıb və tələffüz olunub. Hələ ki, layihə Nazirlər Kabinetinə verilməyib, mənə elə gəlir bu məsələyə yenidən baxılacaq. Bu zaman böyük əksəriyyətin qəbul edəcəyi yekdil fikrə gəlmək mümkündür.

- "Metafora", "sanatoriya" tipli sözlərdə "a" hərfi gah ixtisar olunur, gah əlavə edilir. Hansı variant doğrudur?

- Doğru variant "a" saiti ilə bitəndir. Azərbaycan dilində bir çox alınma sözlər var ki, sonu "a" saiti ilə bitir. Bu sözlər iki yerə ayrılır, sonundakı "a" saiti ixtisar olunan əcnəbi sözlər. Məsələn, "qazeta", "apteka" və s. Bir də sonundakı sait saxlanılan sözlər. Qeyd olunan sözlər 2013-cü il lüğətindəki qüsurlardır ki, hazırda islah olunur.

- Buludxan müəllim, əvvəlki nəşrlərin Orfoqrafiya qaydaları layihələrini tapmaq olmur ki, yeni layihələrlə müqayisə olunsun... Niyə Orfoqrafiya qaydaları əvvəlki lüğət kitablarında yer almayıb?

- İndiyə qədər olan lüğətlərdə qaydaların verilməməsi böyük qüsurdur. Amma 2018-ci ildə çap olunacaq lüğətdə bütün qaydalar öz əksini tapacaq. Yeni lüğətdən istifadə edəcək hər kəs qaydalarla birbaşa kitabda tanış olacaq.

- Orfoqrafiya lüğəti hazırdırmı?


Xəbərə aid fotolar