Unibank 2017ci il fəaliyyətinin nəticələrini açıqlayıb


Digərləri 19 Yan 2018 13:43:00 219 0

Unibank 2017ci il fəaliyyətinin nəticələrini açıqlayıb

Unibank 2017-ci ili 4 milyon 44 min manat mənfəətlə  başa vurub.  

Bankın  kapitalı əhəmiyyətli dərəcədə artıb. Nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 126 milyon  985 min manata çatıb. Məcmu kapital 67 milyon 488 min manatadək artıb.

Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, əmanətlərin cəlbi, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb.

"Unibank" KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2017-ci ildə səhmdarların yaxından dəstəyi ilə Bankın komandası daha yaxşı göstəricilərə nail olmaq üçün böyük səylə çalışıblar: "Biz bankın bütün xidmət sahələri üzrə daha yaxşı nəticələr əldə etdik. Bir il ərzində bank  iki dəfə kapitalını artırdı. İli mənfəətlə başa vurduq, rəqəmsal bankçılıqda yüksək göstəricilərə imza atdıq. Bu nəticələr bizim üçün Bankın orta müddətli strategiyasını uğurla həyata keçirməkdə yaxşı baza rolunu oynayacaq".  

Ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biri olan Unibank, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.

Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə  2,6 dəfə artıb.

Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.

Bununla yanaşı, 2017-ci ildə ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində  innovativ model tətbiq olunub. Nəticədə müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb.