III Avropa Oyunlarının ev sahibi ilin sonunadək açıqlanacaq


Digərləri 19 Yan 2018 12:38:27 142 0

III Avropa Oyunlarının ev sahibi ilin sonunadək açıqlanacaq

EOC prezidenti: "Bir sıra qərb ölkəsi ilə danışırıq ki, təşkilatçılığa hazır olsunlar"

 2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibinin bu ilin sonunadək elan olunması nəzərdə tutulub.

"Report"un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin yeni tərkibli iclasında qurumun prezidenti Yanez Kotsiyançiç açıqlama verib. Sloveniyalı funksioner bildirib ki, tender prosesinin başlandığı mayda Serbiyanın paytaxtı Belqraddakı iclasda, təşkilatçı ölkənin adı isə 9 - 11 noyabrda EOC İcraiyyə Komitəsinin İspaniyanın Marbelya şəhərində nəzərdə tutulan Baş Assambleyasında açıqlanacaq.

Y.Kotsiyançiç Avropa Oyunlarına maraq göstərən bir neçə ölkə ilə danışıqlar apardıqlarını, lakin adlarını indidən açıqlamaq istəmədiklərini vurğulayıb: "Biz bir sıra ölkələrlə danışırıq. İstəyimiz odur ki, təşkilatçı Qərbi Avropadan olsun. Avropada 50 ölkənin Milli Olimpiya Komitəsi var. Onlardan bəziləri varlı, bəziləri kasıbdırlar. Amma biz tarazlığı qorumaq istərdik. Bu səbəbdən, qərbin vaxtı çatıb. Bir sıra qərb ölkəsi ilə danışırıq ki, təşkilatçılığa hazır olsunlar".

Bununla yanaşı, EOC prezidenti hazırkı şəraitdə Avropa Oyunları üçün təşkilatçı ölkə tapmağın çətinliyini etiraf edib: "Hazırda nəinki Avropa Oyunları, hətta Olimpiya Oyunları ilə bağlı nələrin baş verdiyini bilirsiniz. Biz təkcə milli olimpiya komitələrindən deyil, şəhərlərdən də fikir öyrənməliyik. Hətta hərdən referenduma da ehtiyac duyulur. Bu, çətin prosedurdur. Qərara almışıq ki, 2020-ci il üçün Olimpiya Gündəliyinəki prinsiplərə əməl etməyimiz vacibdir. Ona görə də Bakı və ya Minskdəki kimi olmayacaq. Biz həmişə təşkilatçı şəhərin infrastrukturuna, imkanlarına və istəklərinə adaptasiya olacağıq. Hər bir ölkə və Milli Olimpiya Komitəsi özünəməxsus xüsusiyyətlərə malikdir. Biz mərhələ-mərhələ addımlamalı və dürüst olmalıyıq".

Qeyd edək ki, 22-23 martda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa İttifaqının İdman Forumu Avropa Oyunlarına təşkilatçı ölkənin cəlb olunması baxımından həlledici açar rolunu oynaya bilər. İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti Oyunlar isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə olacaq.