Sakarya valisi: "20 Yanvar faciəsi bu gün də bizi kədərləndirir"


Siyasət 19 Yan 2018 11:36:00 419 0

Sakarya valisi: "20 Yanvar faciəsi bu gün də bizi kədərləndirir"

Dost və qardaş Azərbaycan xalqının üzləşdiyi 20 Yanvar faciəsi 1990-cı ildə olduğu kimi, bu gün də bizi kədərləndirir. Bu qanlı faciə hələ də yaddaşlarda yaşayır.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Sakarya vilayətinin valisi İrfan Balkanlıoğlu bildirib.

O deyib ki, qardaş Azərbaycan xalqı sülhsevər bir xalq olmaqla yanaşı, mədəniyyət, incəsənət, ədəbiyyata da olduqca bağlı bir xalqdır: "Mədəniyyət Azərbaycan xalqının ruhunda kök salıb və bu vaxta qədər bu xalqın hər hansı bir millətə qarşı təcavüzü olmayıb. Azərbaycan xalqı o vaxt ermənilərlə də sülh və əmin-amanlıq şəraitində yaşayırdı. Lakin SSRİ-nin ermənilərə dəstəyi ilə onlar Azərbaycan xalqına qarşı soyqırım və etnik təmizləmə siyasətinə başladılar".

Ermənilərin törətdiyi cinayətlərə qarşı səssiz qalmayan, azadlığına və ədalətə bağlı Azərbaycan xalqının baş verən hadisələrə etiraz etmək üçün meydanlara çıxdığını qeyd edən İ.Balkanlıoğlu bunu bəhanə edən "Qızıl ordu"nun Bakıya qoşun yeridərək paytaxtı işğal etdiyini bildirib.

Sakarya valisi vurğulayıb ki, o zaman Bakıya girmiş "Qızıl ordu"nun tərkibində bir xeyli erməni vardı: "Onlar dinc aksiya keçirən Azərbaycan xalqına qarşı cinayət törətdilər. Bu qanlı faciənin izlərini bu gün də Bakıda bəzi binaların üzərindəki güllə yerlərində görmək olar. 20 Yanvar faciəsi yüzlərlə günahsız insanın öldürüldüyü, insanlığın susduğu bir gündür".

Vali hesab edir ki, ermənilərin Azərbaycanda törətdiyi qətliamlar Osmanlı dövlətində törətdikləri qətliamların davamı idi: "Təəssüflər olsun ki, dünya Azərbaycanda yaşanan bir çox hadisələrə susduğu kimi, Xocalı soyqırımına da səssiz qalır. Günümüzdə işğal yolu ilə dövlət qurmaq əsla mümkün deyil. Bu üsullar artıq geridə qalıb. Lakin Birləşmiş Millətlər Təşkilatı yaşanan hadisələrə ciddi reaksiya göstərmir. Heç şübhəsiz ki, azərbaycanlı qardaşlarımızın kədəri bizim kədərimizdir. Arzu edirəm ki, belə qətliamlar bir daha yaşanmasın".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində