“Dağ uçsa bu 30 ailədən heç kim salamat çıxmayacaq...”


Digərləri 18 Yan 2018 23:17:00 277 0

“Dağ uçsa bu 30 ailədən heç kim salamat çıxmayacaq...”

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb.

Sürüşmə nəticəsində ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə qəsəbənin Cənub dərə küçəsindədir. Son.az virtualaz.org-a istinadən bildirir ki, sakinlərin dediklərinə görə, dağın yamacında  yerləşən evlərdə bir il əvvəldən yaranan kiçik çatlar iri yarğanlara çevrilib. Xüsusən son 2-3 ayda sürüşmə intensivləşdiyindən hər an evlərinin dağılma təhlükəsi ilə üz-üzə qalıblar.

Çatları torpaqla doldururlar...

Cənub dərə küçəsi dağın zirvəsinə doğru sonuncu küçədir. Bakını ovuc içi kimi göstərən gözəl mənzərəsi olmasa, təmiz havası və yaşıllığı ilə dağ kəndini xatırladır. Elə yolları da ucqar dağ kəndlərinin yolları kimi keçilməzdir. Yolun sonundan o tərəfə isə həmin iri yarğanlar və sürüşmə zonası başlayır. Bir neçə sakinin bələdçiliyi ilə dağın zirvəsinə çətinliklə qalxa bildik. Torpaq ayağımızın altından ovulur, hər tərəfdə iri çatlar vahiməli mənzərə yaradırdı.

Qəsəbə sakinləri isə son aylar ərzində bura gündə azı 2-3 dəfə qalxdıqlarını deyirlər. Onların sözlərinə görə, hər gün ərazidəki çatlar BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən torpaqla doldurulur. Buna özümüz də şahid olduq. Fəhlələr dağın yamacını qazaraq torpağı çatlara tökürdülər. Bir xeyli belə çat örtülsə də, əvəzində yeni çatlar əmələ gəlir, sürüşmə genişləndikcə, köhnə çatlar da böyüyür. Onlardan niyə çatları yumşaq torpaqla doldurduqlarını soruşduqda isə, "bizə belə göstəriş veriblər" cavabından başqa heç nə öyrənə bilmədik.  

Sürüşmə sürətlə gedir

Sakinlər deyirlər ki, Bayılın torpağı yumşaq olduğundan sürüşmə də sürətlə gedir. Onların sözlərinə görə, burada sürüşməni intensivləşdirən həm də Yaşıllaşdırma  Təsərrüfatı Birliyi tərəfindən əraziyə axıdılan sulardır. Qəsəbə sakini Zahid Aslanov deyir ki, dağda təxminən bir il əvvəl zeytun və digər ağaclar əkilib. Hər gün onları suvarmaq üçün axıdılan su torpağı yuyub və sürüşməyə səbəb olub: "Dünənə qədər burada rezin su boruları var idi. Onları dünən təcili yığışdırdılar. Amma bəzi yerlərdə hələ də hissələri qalır. Düzdür Bayıl sürüşmə zonasıdır, buranın torpağı yumşaqdır,  amma bu vəziyyətə suvarma da təsir edib", - deyə qəsəbə sakini Zahid Aslanov bildirir.

"Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa..."

Təhlükəli zonada yaşayanların çoxu Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlərdir.  Sakinlər deyirlər ki, evləri qəzalı vəziyyətdə olduğundan onlara mənzillərini tərk etmək məsləhət görülüb. Lakin onların köçməyə başqa yerləri olmadığından qəzalı evlərində təhlükəli şəraitdə yaşamağa məcburdurlar.

"25-30 il əvvəl erməni girovluğundan qaçıb məcburi köçkün kimi bura sığınmışıq. Özümüzə daxma tikib başımızı salmışıq ki, küçədə qalmayaq. Kiminsə evinə girməmişik, məktəbi, xəstəxananı zəbt eləməmişik. Zülmlə, əziyyətlə ev tikmişik, indi də dağ uçur. Qorxudan gecəni yata bilmirik ki, birdən dağ uçar, qalarıq altında. 30 il əvvəl doğma el-obamızdan güllənin altında, qorxu, səksəkə içində necə çıxmışdıqsa, bu saat o vəziyyətdəyik. Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa, meyitimi torpağın altından  çıxarmayın...", - deyə  Qaragöz Xudiyeva bildirir.

Dağ uçsa burdan heç kim salamat çıxmayacaq

Əminə Bayramova adlı sakin isə deyir ki, əgər dağ uçsa, buradan heç kim salamat qurtula bilməyəcək: "4-5 aydır vəziyyətimiz çox çətindir. Pişik də çöldə taqqıltı eləyəndə diksinirik. Gecə səhərə kimi yata bilmirik ki, indi uçacaq, bu saat uçacaq Bura gələn yol dağın yamacından keçən yeganə yoldur. Dağ uçsa, bu yol yerlə yeksan olacaq. Lap biz sağ qalsaq belə bu yol tutulduğundan buradan qurtula bilməyəcəyik. Çünki uçqun yolu mütləq bağlayaca. Burada elə evlər var ki, pilləkənlər iki yerə parçalanıb. Divarlara əl vuranda qopub tökülür. Biz heç olmasa, yaşamışıq, uşaqlarımıza, nəvələrimizə yazığımız gəlir. Onlara bir şey olmasın", - deyə qəsəbə sakini ağlamsınır.