O bəndəni mənə nişan ver


Digərləri 18 Yan 2018 22:50:00 375 0

O bəndəni mənə nişan ver

70 dəfə qəbul olunmayan cəmlə dua və qəbul edilən 1 dəfə edilən fərdi dua...

Xalis xeyir - mələklərin işidir. Şər işlərə həmişə hazır olmaq - şeytana aiddir. Şərdən sonra xeyirə qayıtmaq isə insanın təbiətidir. İnsan ömrü boyu çox sayda xatalar və günahlar edir. Əgər tövbə qapısı olmasaydı, insanı ümidsiz və qəmgin edərdi. Belə insan kamal yolunu gedə bilməzdi. Ona görə də Allah biz insanların üzünə tövbə qapısını açıq qoymuş və onu nemət kimi tanıtmışdır ki, insanlar qədrini bilsinlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Musanın (ə) dövründə qəhətlik olur və möminlər yağışın yağması üçün 70 dəfə əllərini dua üçün açırlar. Ancaq duaları yerinə yetmir.   Bir gecə Musa (ə) Tur dağına qalxır və çoxlu ağlayandan sonra buyurur: "Pərvərdiagara! Əgər mənim məqamım sənin yanında dəyərsiz olubdursa, səndən istəyirəm ki, axıril-zamanda məbus edəcəyin Peyğəmbərə (s) xatir, rəhmət yağışını bizə nazil edəsən".   Xitab gəlir: "Ey Musa! Sənin məqamın bizim yanımızda dəyərsiz olmamışdır. Ancaq sizin aranızda bir şəxs vardır ki, 40 ildir mənim günahımı aşkar şəkildə edir. Əgər onu öz aranızdan çıxartsanız, mən rəhmət yağışımı nazil edəcəyəm".   Həzrət Musa (ə) Bəni-İsrayilə müraciət edir: "Ey o bəndə ki, 40 ildir Allahın günahını edirsən! Bizim aramızdan çıx get ki, Allah rəhmət yağışını bizə nazil etsin". O günahkar bəndə Musanın (ə) səsini eşidir və başa düşür ki, yağışın yağmasına mane olan o imiş. Öz-özünə deyir: "Nə edim? Əgər qalsam, Allah yağışı yağdırmayacaqdır. Əgər aralarından çıxıb getsəm, məni tanıyacaqlar və abrım gedəcəkdir".   Ona görə də əlini dua üçün açıb deyir: "Allahım! Bilirəm ki, nadanlıq və cəhalətim üzündən Sənə qarşı günah etmişəm. İndi əzəmətli dərgahına gəlmişəm, öz keçmişimdən peşmanam. Tövbəmi qəbul et və rəhmətini camaatdan əsirgəmə".   Bu kişi sözlərini hələ bitirməmişdi ki, göydə buludlar əmələ gəldi və bolluca yağış yağdı.   Həzrət Musa (ə) buyurdu: "Sən rəhmət yağışını bizə yağdırdın, o halda ki, heç kəs aramızdan getmədi".   Xitab gəldi: "Ey Musa! Həmin o kəsə görə ki, rəhmətimi sizdən qət etmişdim, indi onun vasitəsilə rəhmətimi sizə göndərdim".   Musa (ə) dedi: "Allahım! O bəndəni mənə nişan ver!".   Xitab gəldi: "Mən onu günah edən zaman rüsvay etməmişdim, indi ki, tövbə edibdir, ifşa edəm?".