Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub


Siyasət 18 Yan 2018 13:04:42 252 0

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub

Tədbirdə ziyalılar, ictimaiyyət numayəndələri, səfirliyin əməkdaşları iştirak edib

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan mərasim keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə ziyalılar, ictimaiyyət numayəndələri, səfirliyin əməkdaşları iştirak edib.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov faciənin baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verib. O bildirib ki, 20 faciəsi anti-Azərbaycan qüvvələrin azərbaycanlılara qarşı başlatdığı mənfur siyasətin davamı idi: "Amma həmin qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq hissini boğa bilmədilər. Ona görə də deyə bilərik ki, 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb".

Diplomat qeyd edib ki, 20 Yanvar faciəsinə ilk və ən kəskin etirazı həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bildirib: "Ümummilli liderimiz bütün təhdid və təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib. Məhz ulu öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi, siyasi qiymət verilib".

Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xususi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Sonra Marneuli rayonunun meri Teymur Abasov çıxış edib, 20 Yanvar və 9 Aprel hadisələrindən danışıb, iki xalqın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıb.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar. Bildirilib ki, xalqların azadlıq mübarizə əzmini qırmaq olmaz. Qan bahasına əldə olunan müstəqillik əbədi olur.