Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisi açılıb (FOTO)


Digərləri 17 Yan 2018 23:21:00 306 0

Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisi açılıb (FOTO)

Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı fərdi sərgisi açılıb

Bakı. Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib. Həyat, ölüm, sevgi, xəyanət... Əbədi və dəyişməz mövzular... Bildirilib ki, rəssam əsərləri vasitəsilə getdiyi yerləri doğma evinə çevirməyi, ürəyinə yatan məkanları qəlbində qoruyub saxlamağı bacarırdı. Onun əsərlərində bəşər övladının şüurlu varlıq kimi mövcudluğu, müxtəlif dövrlərin dahi sənətkarlarını düşündürən həyat və ölüm, sevgi və xəyanət kimi əbədi və dəyişməz mövzular qabarıq şəkildə hiss olunur. Rəssamın özünün də vaxtilə qeyd etdiyi kimi, onun rəsmləri həyatın mənası barədə sualların cavabları haqqında tamaşaçıya az da olsa kömək edir. Onun əsərlərindəki əksər süjetlər həyatdan, uşaqlıqdan götürülüb. Kətanın özü artıq incəsənət əsəridir. Aleksey Beqov deyirdi: “Rəssamlıq həyatım və qismətimdir. Tamamilə ona bağlıyam”. Görkəmli rəssam Aleksey Beqov dahi sənətkarların obrazlı və klassik modellərindən yararlansa da, bu zaman özünün maddi-mənəvi dünyasını, ona məxsus kosmik mühiti və həyat enerjisini yaradır. Fransa Akademik Cəmiyyəti Aleksey Beqovu Fransanın incəsənət, elm və ədəbiyyat sahəsində ən yüksək mükafatına layiq görüb. Həqiqətən də Aleksey Beqov o rəssamlardandır ki, tamaşaçı ilə mənəvi ünsiyyət mühitini yaratmaq onun üçün xüsusilə vacib idi. Aleksey Beqov əsərlərində yaşayır Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər. Bakıda gördüklərinin onda böyük təəssürat doğurduğunu qeyd edən Tatyana Beqova deyib: “Biz bu cür gözəl, qeyri-adi dərəcədə müasir, zəngin, böyük zövqə malik şəhər görəcəyimizi gözləmirdik. Yəqin ki, ən böyük təəssüratı bizdə Heydər Əliyev Mərkəzinin binası yaratdı. Bu memarlıq incisi bizi bir də xüsusilə ona görə təsirləndirdi ki, Aleksey Beqovun əsərləri məhz burada nümayiş etdirilir. Təxminən dörd ildir ki, o, aramızda yoxdur. Lakin o, əsərlərində yaşayır. Onun obrazları rəmzlərə çevrilib. O, çox həssas idi”. Tatyana Beqova və oğlu İvan Beqov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirib, bu sərginin Heydər Əliyev Mərkəzində açılmasının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar. T.Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb. Leyla Əliyeva bu gözəl gecənin təşkilinə görə təşəkkür edib.