Yol polisindən sürücülərə yeni il hədiyyəsi


Digərləri 17 Yan 2018 18:45:00 264 0

Yol polisindən sürücülərə yeni il hədiyyəsi

Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: "Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir".