ƏƏSMN və BDU memorandum imzalayıb


Digərləri 17 Yan 2018 16:39:22 220 0

ƏƏSMN və BDU memorandum imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Bakı Dövlət Universiteti (BDU) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir. Memorandumun imzalanması tədbirini giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor BDU-da sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, 2005-ci ildə ilk dəfə olaraq BDU-da təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. A.Məhərrəmov onu da vurğulayıb ki, BDU ilə ƏƏSMN arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də məhz qeyd edilən məqsədlərə xidmət edir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu vurğulayıb: “Bu sahədə tədbirlərin davamı kimi, ötən il 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmətlərin göstərilməsi, nazirliyin sosial sifarişlər üzrə 29 qeyri-hökumət təşkilatının icra etdiyi 61 layihə üzrə 4,1 min nəfər çətin həyat şəraitində olan uşağın, habelə müvafiq hallarda onların ailələrinin reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmaları təmin edilib”. S.Müslümov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 nəfər məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib. Nazir ötən il yeni sosial xidmət müəssisələrinin - ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun Sosial Sığınacaqların fəaliyyətə başladığını, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzinin yaradıldığını, nazirlik tərəfindən 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərildiyini qeyd edib.