Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb


Digərləri 17 Yan 2018 15:38:08 142 0

Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb

Sonra iştirakçılar rəssamın sənət əsərləri ilə tanış olublar

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Məlik Məmmədxanovun rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət rəsm sərgisi açılıb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xalq rəssamı Ağaəli İbrahimov müəllifin sənət yolu və yaradıcılığı barədə məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Abşeron Rəsm Qalereyasının müdiri Eldəniz İbrahimov və Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov ikinci dəfə sənətsevərlərə yaradıcılıq hesabatı verən rəssamın sənətkarlıq məziyyəti, üslub xüsusiyyətləri barədə danışıblar.

Sonra iştirakçılar rəssamın sənət əsərləri ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlərdə nar mövzusu ilə yanaşı, körpə və balıq mövzusu da qırmızı xətlə keçir. Rəssamın əsərlərindəki balıq rəsmləri də baxımlı və gözoxşayandır. Ən başlıcası isə natürmortlardakı çalarlar, rəng uyarlığı, işıq və millilik elementləri sərginin tamaşaçılarında xoş ovqat oyadıb.

Sərgi yanvarın 18-dək davam edəcək.