Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı


Digərləri 17 Yan 2018 15:23:00 205 0

Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı

DİM tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının  1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər  üçün "Azərbaycan dili" fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcəkdir.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcəkdir.

19, 27 yanvar tarixlərində rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.