Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı açıqlanıb


Sosial 17 Yan 2018 15:04:00 252 0

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı açıqlanıb

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 4641 nəfər vətəndaşı da təhsil alır

Keçən il əyani ümumi təhsil müəssisələrini bitirən 83,3 min nəfər məzundan 81,7 min nəfəri və ya 98,1 faizi tam orta təhsil haqqında attestat alıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.

Məlumata görə, 2017/2018-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 55 orta ixtisas təhsil müəssisəsində 47,4 min tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 24 elmi təşkilatda təhsil alanların sayı 167,7min nəfər olub ki, onların da 48,2 faizini qadınlar təşkil edib.

2017-ci ildə ölkənin ali təhsil müəssisələrinə 38,5 min nəfər tələbə qəbul olunub. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 64 faiz olub ki, onların da 85,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 37,8 faizi təqaüd alır. Ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 132 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 115,5 manat, 71-100 balı olan tələbələrə 93,5 manat, 51-100 balı olan tələbələrə 60,5 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 104,5, 88 və 55 manat təqaüd müəyyən edilir.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 4641 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan, İraq və Türkmənistan vətəndaşları üstünlük təşkil edirlər.

2017/2018-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1800 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 64,8 faizi Bakı, 35,2 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Rusiya, Almaniya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.