"Deniz Yılmaz imtina üçün bizə müraciət etməyib"


İdman 17 Yan 2018 14:53:00 245 0

"Deniz Yılmaz imtina üçün bizə müraciət etməyib"

“Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib”.

Goal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində 2 oyun keçirən Deniz Yılmaz son matçlara dəvət almayıb. Bir neçə gün öncə “Gənclərbirliyi” klubu ilə 1,5 illik müqavilə bağlayan və Türkiyə pasportuna da malik olan 30 yaşlı forvardın qonşu ölkədə legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığında imtina edəcəyi bildirilir.

AFFA Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarının baş məşqçisi Rəşad Sadıqovun paralel olaraq, “Qarabağ” klubunda fəaliyyət göstərməsinin də əleyhinə deyil.

Elxan Məmmədovun sözlərinə görə, R.Sadıqovun həm “Qarabağ”ın əsas komandasında futbolçu kimi çıxış etməsi, həm də klubda fəaliyyət göstərməsi onun millidəki işinə maneə törətmir: “Yığma məşqçilərinin paralel olaraq, klublarda da çalışmaları ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb. Sadıqovun “Qarabağ”da çalışmasını millidəki işinə maneə kimi görmürük. Çünki U-21-in hazırda təlim-məşq toplanışı davam edir. Hazırlıq prosesi çərçivəsinə bir neçə yoxlama oyun keçiriləcək. Artıq “Alanyaspor”la qarşılaşaraq 3:1 hesabı ilə qalib gəliblər. O, həmişə komandanın yanındadır. Rəşadın “Qarabağ”da fəaliyyət göstərməsinin zərərini, mənfi təsirini görmürük”.

Qeyd edək ki, Zaur Həşimov U-18, Ramil Quliyev isə U-17 yığmasının baş məşqçisi təyin olunduqdan sonra müvafiq olaraq “Qəbələ” və “Zirə”nin əsas komandasının məşqçisi vəzifəsindən ayrılıblar.