Prokuror ərini öldürən qadın barəsində hökmdən apellyasiya protesti verib


Sosial 17 Yan 2018 14:42:17 298 0

Prokuror ərini öldürən qadın barəsində hökmdən apellyasiya protesti verib

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib

Bakıda ərinin ölümünə görə təqsirləndirilən Günər Mirzəyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin, hakim Qali Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.