"İl Giornale": İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və "Alto Adice" modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər


Digərləri 17 Yan 2018 14:20:00 235 0

"İl Giornale": İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və "Alto Adice" modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər

İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və Alto Adice modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.

Bakı. İtaliyanın Minsk Qrupunun ilk sədri təcrübəsi və Alto Adice modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Trend-in məlumatına görə, bu fikirlər İtaliyanın nüfuzlu “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş təqdiqatçısı professor Andrea Marçiliano-nun müəllifi olduğu İtaliyanın ATƏT-ə sədrliyindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsinin nizamlanması üçün gözləntilərə dair “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində yer alıb. Məqaləsində müəllif bildirir ki, İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrlik edəcəyi ilə bağlı xəbər siyasi seçkilər və iqtisadi debatlar mövzusu ilə həddən artıq yüklənmiş yerli media tərəfindən faktiki olaraq sükutla qarşılansa da, söhbət böyük əhəmiyyətə malik olan və İtaliyanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevirən hadisədən gedir və çoxlu “isti dosyelər”in mövcudluğu ATƏT-ə sədrliyin İtaliyaya beynəlxalq səhnədə böyük nüfuz qazanmaq və öz maraqlarını da qorumaq üçün əlverişli imkan yaradır. Fikirlərinə davam edən müəllif qeyd edir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişədir. Münaqişənin tarixi barədə danışan müəllif onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl “etnik təmizləmə” həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsizcəsinə şahidlik etdiyini qeyd edir. Vəziyyətin hələ də dəyişmədiyini və dövri olaraq alovlanan bu “dondurulmuş” münaqişənin davam etdiyini yazan müəllif vurğulayır ki, hərbi işğalı pisləyən, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyini bərpa etməsini və danışıqlar yolu ilə münaqişənin həllini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə, müxtəlif beynəlxalq qurumların sənədlərinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə olunmamış, eyni zamanda bu problemi həll etmək üçün BMT mandatı ilə təsis olunmuş ATƏT-in “Minsk Qrupu” da bu qrupun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın hər birinin xüsusi maraqları ucbatından demək olar ki iflic vəziyyətinə düşüb.