Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda ittiham olunan şəxs HƏBS EDİLDİ


Kriminal 17 Yan 2018 13:35:00 290 0

Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda ittiham olunan şəxs HƏBS EDİLDİ

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədov həbs edilib.

Son.az xəbər verir ki, bu barədə report-a Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkil bildirib ki, R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb. Ötən gün isə o, həbs edilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.

R.Əhmədovun həyat yoldaşı isə iddia edir ki, ərini müalicə aldığı psixatiriya xəstəxanasında həbs ediblər.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.