“Deyirlər, niyə Allah sözünü böyük hərflə yazmalıyıq?” VİDEO


Digərləri 17 Yan 2018 12:47:00 301 0

“Deyirlər, niyə Allah sözünü böyük hərflə yazmalıyıq?”  VİDEO

Son.az Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, dilçi alim Möhsün Nağısoylunun qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Artıq bir neçə gündür ki orfoqrafiya lüğətinin yenidən çapa hazırlanması və irəli sürülən yeni təkliflərlə bağlı müzakirələr gedir. Bir neçə sözün yazılışında mühüm dəyişikliklərin olacağı bildirilir. Maraqlıdır ki, dilə hər dəfə yeni söz gələndə və ya hər hansı sözün yazılış qaydası dəyişəndə bu proses qalmaqalsız ötüşmür. Sizin buna münasibətiniz necədir?

- Cəmiyyətdə hər bir yenilik birmənalı qarşılanmır. Fikir söyləyənlər arasında mütəxəssislər və qeyri-mütəxəssislər də olur. Hesab edirəm ki, bu, normaldır. Çünki bu yeni təkliflərdən ibarət layihədir. Əvvəlcə məsələnin kökündə nə dayandığını araşdırmaq lazımdır. "Dövlət dili haqqında" qanuna əsasən beş ildən bir orfoqrafiya lüğəti yenilənməlidir. İndiyə qədər Azərbaycan dilinin orfoqrafiya lüğəti 6 dəfə yəni, 1929, 1940, 1960, 1975, 2004, 2013- cü illərdə nəşr edilib. İndi 2013- cü ildən beş il keçir. Orfoqrafiya lüğətinin hazırlanması 3 prinsipə söykənir. Bunlar fonetik (yəni sözlərin deyildiyi kimi yazılması, morfoloji (şəkilçinin də nəzərə alınması), tarixi-ənənəvi prinsiplərdir.

Biz nəyə görə bitki yazırıq? Çünki sözün sonu "t", yəni  kar samitlə bitir, ona görə artırılan şəkilçi cingiltili olur. Amma "silgi" sözündə sözün kökü "l", cingiltili samitlə bitdiyi üçün şəkilçi cingiltili samitlə başlayır. Bu prinsiplər içərisində üstünlük fonetik prinsipə verilir, yəni söz deyildiyi kimi yazılır. Məsələn, addım, gündüz, dəniz, alqış...

Tarixdə ilk dəfədir ki, yeni orfoqrafiya lüğətinə əsl Azərbaycan sözlərinin yazılış qaydası daxil edilib. İndiyə kimi lüğətlərdə əsl Azərbaycan sözlərinə aid bir maddə belə yox idi. Çünki dilin əsas özəyini milli sözlər təşkil edir. 

Nəyə görə belə ajiotaj yaranıb?! Biri deyir ki, niyə biz Allah sözünü böyük hərflə yazmalıyıq? Deyir ki, o, Allahı görmür. Özün bilərsən. Amma dünyada qaydalar var axı. Nə üçün indiyə kimi "İsgəndər" sözünü "g" hərfi ilə yazmışıq, indi "k" ilə yazmalıyıq? Bildirirəm ki, bu təkliflərin hamısının elmi əsası var. Çünki mənbə dildə "İskəndər" yazılır. İndi səhvən bu günə kimi "g" ilə yazıblar. 

- Siz iki ildir ki, instituta rəhbərlik edirsiniz. O zaman belə çıxır ki, sizdən əvvəlki rəhbərlər orfoqrafiya lüğətini çap etdirərkən səhvə yol verib. Bunu da kimsə onlara deməyib...

- Əvvəlki lüğətləri hazırlayanlar da peşəkar mütəxəssislər, tanınmış alimlər olub. Mən onları heç də qınamıram. Sadəcə olaraq zamanın tələbidir ki, müəyyən yeniliklər olsun. Məsələn, türkdilli dövlətlərin zirvə toplantısı keçirilir. Müzakirələrdə deyirlər ki, vahid ticarət zonası olsun. Biz də dilçi mütəxəssislər kimi istəyirik ki, türkdilli xalqlar arasında heç olmasa imla məsələsində bir ortaqlıq olsun. Bu ortaqlıqların incə tərəflərindən biri də bu ola bilər ki, dilimizdə qoşa "yy" ilə yazılan sözlər bir "y" ilə yazılsın. Bu həm də tələffüz baxımından düzdür. İndi heç kim "ədəb-iyyat", nəql-iyyat demir. Bir "y" ilə deyir və deyiliş də rahat olur.  "İskənə" sözü "k" ilə,  "əsgər", "işgəncə" sözü "g" ilə yazılıb. Halbuki elmi cəhətdən yanaşanda mənbədə dildə olduğu kimi "k" hərfi ilə yazılmalıdır. Baxın, "əsginas" sözü əvvəlki lüğətlərdə "k" hərfi ilə yazılıb. Sonra kimsə dəyişdirib onu "əsginas" edib. Tamamilə səhvdir. Və yaxud da 1975- ci ilin lüğətində "alğı-satqı" yazılıb. Sonradan bunu "alqı-satqı" ediblər. Bunlar hələlik təkliflərdir. Bu təkliflər müzakirə olunacaq. Yenidən məsələyə Orfoqrafiya Komissiyası baxacaq. Sonda Nazirlər Kabinetinə təkliflər göndəriləcək. Nazirlər Kabineti dəyişiklikləri təsdiq edəndən sonra layihə qüvvəyə minəcək. 

- İlkin rəylər nədən ibarətdir? Təklifi müsbət qarşılayanlar çoxdur, yoxsa əksinə qarşı çıxanlar var? 

- Mən onu bilmirəm. Düşünürəm ki, mütəxəssis bizi dəstəkləyəcək. Biz bu qaydaları layihə şəklində mütəxəssislərlə müzakirə etdik. Düşünürük ki, bununla bağlı digər universitetlərin dilçi alimlərini, tanınmış orta məktəb müəllimlərini də müzakirələrə dəvət edək. Bundan sonra ortaq məxrəcə gələk. Hələlik bu layihə müzakirəyə verilib. 

- Məsələn, 2004- cü ildə çap olunmuş lüğətdə 80 min söz var idisə, 2013- cü ildə bu rəqəm 11 min olub. Bu 9 il müddətində dilə 30 minə yaxın söz əlavə olunub. Bu sadəcə rəqəm naminə artırılıb? Çünki bayaq gördük ki, bir neçə söz əslində eyni mənanı versə də lüğətdə təkrarlara yol verilib.

- Həmin sözlərin içərisində yerli-yersiz, qondarma sözlər də var. Həmçinin eyni sözün müxtəlif şəkildə tələffüzü də yer alıb. Məsələn, "qarğamaq" və "qarğımaq" sözləri var. Onun birini götürmək lazım idi. "Əbdal", "abdal", "əba,"aba", "sürüşdürmə", "sürçütmək" də eyni sözlər olduğundan onlardan birini götürmək lazım idi. Bu lüğətdə səhvlər, süni şəkildə artırmalar var. Elə sözlər var ki, bu lüğətə düşməməli idi.  Heç bəzilərinin mənası bilinmir. Ona görə kitab şişib bu qalınlıqda olub. O zaman kor- koranə artırıblar. Təki kitab şişib qalın görünsün.

Onu da deyim ki, orfoqrafiya lüğətini hazırlamaq olduqca ağır işdir. İndi biz azı 10 min sözü köhnə lüğətdən çıxaracağıq. Ola bilsin ki, əlavə 3000-nə yaxın söz daxil etdik. 

- Bəzən elə olur ki, dilə alınma sözlərin əvəzinə, ona milli dildə qarşılıq tapılaraq yeni söz gətirilir. Bir müddət əvvəl "geyçim", "ipəzor", "süranə" kimi sözlər təklif olundu. Dilçilik İnstitutunun səlahiyyətli şəxsləri isə deyir ki, bu sözləri biz təklif etməmişik. Amma bu çox vaxt inandırıcı olmur...

- Bu məsələ də bizim qarşımızda durur. Həmişə bizi qınayırlar ki, niyə Avropa sözlərini olduğu kimi qəbul edirsiniz? Biz imkan daxilində onlara qarşılıq tapmağa çalışırıq. Məsələn, əksər adam "atvyorka" deyir. Ancaq onun qarşılığı "burğac"dır. Baxın necə gözəl səslənir. Burmaq feilindən götürülüb. "Udlinitel" sözünün qarşılığı "uzadıcı" olar. "Adapter" "yükləyici" kimi olmalıdır. "Zaryadka"sözünün qarşılığı "yükləmə əməliyyatı" olmalıdır. Bu sözləri də biz ictimaiyyətin müzakirəsinə vermək istəyirik. Gələcəkdə hamı tərəfindən qəbul olunsa, lüğətə daxil etmək istəyirik. Təklif edirlər ki, bəzi sözlərin qarşılığı dialektlərdən alınsın. İndi onların hamısı özünü doğrultmur. Məsələn, "qəlbi", "faraş" sözləri dialektlərdən alınsa da özünü doğruldub. Ancaq hər bir sözə incəliklə yanaşmaq lazımdır. Kor-koranəlik olmaz. Ölçüb biçmək lazımdır ki, bu sözə ehtiyac var, yoxsa yox? Qədim sözləri dirçəldib yenidən dilə gətirməklə dili zənginləşdirmək olar. Məsələn, çavuş, taqım, gizir, tabor kimi sözlər dirçəldilib və özünü doğruldub. 

- Vətəndaşların özləri də instituta zəng edib hər hansı yeni sözlər təklif edirlərmi? 

- Bəli, edirlər. Bizim institutun "Qaynar xətt"i var. Həmin xəttə istənilən şəxs müraciət edə bilər. Kimsə küçədə gedərkən hər hansı sözün səhv və ya rus dilində yazıldığını görəndə bizə zəng edirlər. Biz həmin informasiyaları toplayırıq. Yaxud da hər hansı yeni sözlər təklif edirlər. Həmin təklifləri nəzərə alırıq və imkan daxilində dövriyyəyə buraxacağıq. 

- Dil normalarını pozan hüquqi şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacağı barədə informasiya yayılmışdı. Artıq üstündən bir xeyli zaman keçib. Həmin məsələ nə yerdə qalıb? 

- Akademiyanın Rəyasət Heyətində bu məsələ müzakirə olundu. Bizə tapşırıldı ki, inzibati cəza tədbirləri ilə bağlı təklifər hazırlansın. Həmin təklifləri biz hazırlamışıq. Təkliflər müzakirə olunduqdan sonra məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu məsələ qanuni qüvvəyə minməlidir. Hələlik o sahədə boşluq var. Amma ölkə rəhbərliyi də maraqlıdır ki, bu məsələ tənzimlənsin. Yəni dil pozuntularının qarşısı alınsın. Prezidentin təsdiq etdyi "Dil haqqında dövlət proqramı" var. Orda da bu məsələ öz əksini tapıb. Birinci növbədə, çalışırıq ki, heç cərimə olmasın, maariflənmə olsun. Amma alınmasa, məcburuq ki, cəza tədbirinə əl ataq. 

- Dilin qoruyucusu qismində KİV nümayəndələri, yəni bizlər də çıxış edirik. Tamaşaçılar daha çox televiziyaları izləyir. Bu zaman aparıcıların nitqində çoxlu qüsurların olduğunu deyirlər. Bunu sizin institutun monitorinq qrupu da müəyyən edir. Hansı aparıcılar tənqidlərdən real nəticə çıxarmır? 

- Dilin qoruyucusu xalqdır. Xalqın nümayəndələri sırasında jurnalistlər də var. Jurnalistlərin üzərinə böyük vəzifə düşür. Çünki hamı televiziyaya baxır. Bu məsələ ciddidir. Təsadüfi deyil ki, ötən il prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyi ilə böyük bir konfrans keçirildi. Bildirildi ki, ən çox pozuntu halları televiziyalarda olur. Aparıcı danışarkən "bir neçə adamlar" deyir, halbuki "bir neçə adam" olmalıdır. 

Konkret aparıcıların adını çəkmək mənim üçün çətindir. Amma verilişlərdə də mən çox vaxt görürəm ki, ədəbi dilin normaları pozulur. Bu, birinci növbədə qeyri-peşəkarlıqdan irəli gəlir. Birdən-birə müstəqil olduq. Yeni kanallar, qəzetlər açıldı. Əvvəl bu qədər jurnalist yox idi. Neçə jurnalistdən soruşmuşam ki, hansı universiteti bitirmisən? Deyir ki, İqtisadiyyat Universitetini bitirib. Halbuki jurnalist Jurnalistika fakültəsini bitirməlidir və peşəkar olmalıdır. Hər kəs məsuliyyət hissi daşımalıdır və ana dilini sevməlidir. O zaman belə qüsurlar olmayacaq.