Ötən il hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb


Digərləri 17 Yan 2018 12:45:00 223 0

Ötən il hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb

Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Bakı. Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin 2017-ci ildə əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb. Nazir Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib. Qeyd olunub ki, görülmüş işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir. Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. Daxili Qoşunlar komandanı ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, maddi-tədris bazasının inkişaf etdirilməsinin, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara yüksək peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb. O da qeyd olunub ki, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq qrup halında nizamnamədən kənar münasibətə yol verilməyib, 2016-cı illə müqayisədə ötən il hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, kobud intizam pozuntularının, xəsarətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.