Hansı yaşda "checkup" müayinə etdirmək lazımdır? HƏKİM RƏYLƏRİ


Digərləri 16 Yan 2018 23:04:00 314 0

Hansı yaşda "checkup" müayinə etdirmək lazımdır?  HƏKİM RƏYLƏRİ

Son zamanlar qəfil ürək tutmaları, gözlənilmədən gələn xəstəliklərə düçar olanların sayı artıb. Hansı ki, o adamlar haqqında "sağlam adam idi, ağrımırdı, qəfil niyə belə oldu ki" söyləyirlər. Amma sonradan məlum olur ki, bu problemlər gizli şəkildə illərdir davam edirmiş. Bəs bunları vaxtında necə bilmək olar?

Son.az musavat.com-a istinadən bildirir ki, xarici ölkələrdə insanlar ən az ildə iki dəfə çekap (Check-up) müayinədən keçirlər. Bununla da baş verə biləcək müxtəlif xəstəlikləri önləmiş olurlar. "Check-up" vasitəsilə  xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur.

Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən "Check-up" vasitəsilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, "Check-up" erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin birləşməsidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu məsələyə biganə yanaşılır. Bizdə insanlar xəstələnməyincə həkimə müraciət etmir. Hətta çox zaman xəstələnəndə  belə öz üsulları ilə müalicə almağa çalışırlar. Məhz buna görədir ki, insanlar bir az yaşlaşdıqdan sonra gənclikdə hiss etmədikləri gizli xəstəliklər baş qaldırır və çox zaman da müalicə üçün gec olur. Mütəxəssislər bildirirlər ki, böyüklər ildə iki dəfə, uşaqlar bir yaşına qədər hər ay, qadınlarsa 6 aydan bir "Check-up" müayinədən keçməlidir.

Həkim Vasif İsmayıl bildirdi ki, insan 45 yaşdan sonra müntəzəm olaraq həkim nəzarətindən keçməlidir: ""Check-up" müayinəsinin müntəzəmliyinin hər kəsə görə dəyişən xarakteri var. Bu insanın yaşına, həyat tərzinə görə dəyişir. Hər kəsin müəyyən yoxlanılacaq parametrləri var. Bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Sığortada olan həkim buna nəzarət edir və müəyyən bir "Check-up" qrafiki çıxarır. İnsanlar bu qrafik əsasında gedib yoxlanılırlar. Hər mədəni ölkədə bu belədir. Yəni hər kəs ağlına gəldiyi zaman gedib "Check-up" olunmur. Sadəcə olaraq, vəziyyətinə görə tənzimlənmiş "Check-up" müayinəsinə gedir. Ümumiyyətlə, hər bir insan 45 yaşından sonra müntəzəm olaraq "Check-up" üçün həkimə getməlidir. Amma orada hansı təhlilləri verəcək, bu, artıq hər bir fərdin şəxsən qərar verəcəyi bir məsələdir".