Azərbaycanda orqanlarını bağışlamaq istəyənlər hara müraciət etsinlər?


Digərləri 16 Yan 2018 22:37:00 242 0

Azərbaycanda orqanlarını bağışlamaq istəyənlər hara müraciət etsinlər?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır.

Qanunun tələbinə əsasən, ölkəmizdə orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.

İnsan orqanlarının və ya toxumalarının transplantasiyası 1997-ci il tarixli "Əhalinin sağlamlığının qorunması haqqında" və 1999-cu il tarixli "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, yalnız toxuma kompanentlərindən hazırlanmış köçürmə materialları və preparatları alqı-satqı obyekti ola bilər.

Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı  Nazirlər Kabinetinin bununla bağlı qərarında müəyyən olunub. Qanuna əsasən, yalnız 9 orqan və ya toxuma bu siyahıya daxildir. 

Transplantasiya obyekti ola biləcək orqanlar: Ürək, ağciyər, qaraciyər, böyrək, mədəaltıvəzi və onun seqmentləri, mədəaltıvəzi 12 barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişası.

Son.az bildirir ki, hüquqşünas Anar Ramazanov modern.az-a deyib ki, orqan transplantasiyası ilə bağlı qanunvericiklikdə kifayət qədər normativ tələblər var:

"İnsan orqan və toxumalarının transplantasiyası dedikdə qanunvericiliyə görə,  insanın həyatının xilas edilməsi və sağalmasının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanların donorun və ya insan meyitinin orqanları ilə əvəzedilməsi başa düşülür.

Müəyyən qanunlarla yanaşı, Nazirlər Kabinetinin də bu məsələni tənzimləyən iki vacib qərarı var. 2-ci qərar 17 noyabr 2011-ci il 187 nömrəli qərarıdır.

Bu qərarda orqan transplantasiyası ilə bağlı çoxsaylı qaydalar təsdiq edilib.  Burada transplantasiyanın qayda və şərtləri, ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı, orqanların götürülməsi, hazırlanması və saxlanması qaydaları, transplantasiyanın zəruriliyi barədə tibbi qaydalar və s. yer alır".

Türkiyədə orqan transplantasiyalarının 75 - 80%-i canlı orqanizmdən alınan orqanlarla reallaşdırılır. Ttransplantlar zamanı tamamilə sağlam olan bir şəxsin ehtiyac duyulan orqanının yarısı və ya tamı alınır. Bu arzuolunan vəziyyət olmasa da, orqan çatızmazlığından əziyyət çəkən insanların həyatda qalması üçün ən əlçatan yoldur.

Amerikada və Avropanın digər ölkələrində isə bu statistika əksini göstərir. Canlı orqanlarla edilən transplantasiyalar 25%, meyitlərdən isə 75 - 80%-dir. Türkiyədəki transplantasiya əməliyyatları ilə Avropa və ABŞ  arasındakı fərq budur. Ancaq transplantasiya əməliyyatlarındakı müvəffəqiyyət nisbətləri arasında statistik fərq yoxdur. Türkiyə ölkə olaraq, orqan bağışlanmasında siyahıda sondan ikinci yerdədir və  Avropada bircə Ruminiyadan əvvəl gəlir.

Hüquqşünas Anar Ramazanov transplantasiyanın necə reallaşa biləcəyi barədə də məlumat verib:

"İlkin olaraq donordan orqanların götürülməsi barədə hər tərəfli tibbi müayinə aparılır və həkim mütəxəssislərin konsiliumu keçirilir. Onların rəyinə əsasən, donorun sağlamlığına əhəmiyyətli dərəcədə zərər verilmədiyi təsdiq olunarsa, ondan müvafiq orqan götürülə bilər. Orqan transplantasiyası donorun və resipientin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmalar tərəflərə izah edilir və bu barədə onlara surəti təqdim olunmaqla qabaqcadan rəsmi bildiriş verilir. Resipient (orqan köçürülən şəxs)18 yaşına çatmamışdırsa, transplantasiya mütləq onun valideynləri və ya qanuni nümayəndələri tərəfindən yazılı razılıqla həyata keçirilməlidir. Əgər orqan qəbul edən şəxsin həyatı müstəsna dərəcədə təhlükədə olarsa, yəni yalnız kritik durumlarda əməliyyat valideynlərinin razılığı olmadan həyata keçirilə bilər".

Qeyd edək ki, belə transplantasiya əməliyyatları yalnız ixtisaslaşmış tibb müəssisələrində cərrahi əməliyyatın tələblərinə riayət edilməklə reallaşdırılır. Qanunvericilikdə əsasən, yalnız siyahıda göstərilmiş tibb müəssisələrinin transplantasiya əməliyyatı keçirməyə ixtiyarı var.