Ekspert: Daşınmaz əmlakın bazar qiyməti ilə vergiyə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər


Digərləri 16 Yan 2018 18:57:00 233 0

Ekspert: Daşınmaz əmlakın bazar qiyməti ilə vergiyə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər

Daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb olunması sosial ədalətin tələbidir

Bakı. Daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər. Bunu Trend-ə daşınmaz əmlak üzrə ekspert Rəşid Heydərov deyib. R.Heydərovun sözlərinə görə, Azərbaycanda müasir dövrdə daşınmaz əmlak bazarı sürətlə inkişaf edib və hazırda cəmiyyətin daşınmaz əmlaka görə təbəqələşməsi danılmaz faktdır: "Yaranmış vəziyyətlə əlaqədar əminliklə demək olar ki, daşınmaz əmlakın onun bazar qiymətinə adekvat olaraq əmlak vergisinə cəlb edilməsi günümüzün aktuallığına çevrilib. Bu yanaşma beynəlxalq praktikada mümkün olan vergilərdən ən ədalətlisi kimi dəyərləndirilir". Ekspert bildirib ki, daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi cəmiyyətin müxtəlif təbəqələrinin nailiyyətlərinin ictimaiyyət arasında rəğbətlə qarşılanması baxımından vacib olan bir məsələdir: "Bu zaman cəmiyyətin daha çox təminatlı təbəqəsinin gəlirlərinin bir hissəsinin aztəminatlı təbəqələrinə kömək kimi yönəldilməsi prosesi həyata keçirilir ki, bu da daşınmaz əmlak bazarını sosial cəhətdən qəbul edilən hala gətirir. Bu baxımdan daşınmaz əmlakın bazar qiyməti ilə əmlak vergisinə cəlb edilməsi daşınmaz əmlak bazarının sosiallaşdırılması hesab edilə bilər. Bu yanaşma həmçinin, büdcənin formalaşdırılmasında əhəmiyyətli rol onamaqla yanaşı vergi yükünün ədalətli bölgüsünə, əmlakdan səmərəli istifadəyə və daşınmaz əmlak bazarının səffaf şəkildə inkişafına imkan yaradır. Daşınmaz əmlakın bazar dəyərinə görə əmlak vergisinə cəlb edilməsi hələ 1818-ci ildə ABŞ-ın İllinoys ştatının birinci Konstitusiyasından nəzərdə tutulmuşdu. Burada hər bir şəxsin onun mülkiyyətində olan əmlakın dəyərinə proporsional olaraq vergi ödəməsi nəzərdə tutulurdu. İllinoys ştatı 20 il müddətində bu maddəni bəyənməsə də sonralar bu qaydalar daha ədalətli hesab edilərək XIX əsrdə Birləşmiş Ştatların əksər ştatlarının Konstitusiyalarına daxil edildi. Hazırda beynəlxalq praktikada daşınmaz əmlakların bazar qiymətinə uyğun şəkildə əmlak vergisinə cəlb edilməsi qabaqcıl təcrübə kimi geniş vüsət alıb. Bu gün dünyanın 130-dan çox ölkəsində daşınmaz əmlak vergisi tətbiq edilir. Əksər inkişaf etmiş ölkələrdə (Amerika, Kanada, Danimarka, Yaponiya, İsrail, Portuqaliya, İndoneziya və s.) vergi bazası kimi torpaq, onun üzərindəki tikili və quğularla birlikdə əmlak vergisinə cəlb edilir. Əksər ölkələrdə əmlak vergisinin yığılması yerli hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsindədir. Mərkəzi dövlət orqanları isə əmlakın qiymətləndirilməsi, işlərin təşkili və əlaqələndirilməsində məsuldurlar. Vergiyə cəlb olunma işlərinin mərkəzləşdirilmiş şəkildə təşkili ölkə ərazisində yerli səviyyədə həyata keçirilən inzibati tədbirlərin vahid prinsip üzrə olmasını təmin edir. Postsovet məkanında bu sahədə ən qabaqcıl təcrübə kimi Litva təcrübəsini qeyd etmək yerinə düşərdi. Litvanın Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən Reyestrlər Mərkəzi hər ilin dördüncü rübündə il ərzində olan yenilənmələr də nəzərə alınmaqla hər bir daşınmaz əmlakın ilin sonuna olan vəziyyətinə görə yenidənqiymətləndirilməsini aparır, yerli qanunvericiliyə uyğun şəkildə əmlak vergisinin miqdarını müəyyənləşdirir, ödəniləcək məbləğin qəbzlərini hazırlayaraq müəyyən qədər xidmət haqqı müqabilində yerli bələdiyyələrə təqdim edir.