Dünya premyerasına üç gün qalmış: Dahi Hollivud rejissorunun yeni filmi bakılılar tərəfindən necə qarşılandı?


Digərləri 16 Yan 2018 18:24:00 342 0

Dünya premyerasına üç gün qalmış: Dahi Hollivud rejissorunun yeni filmi bakılılar tərəfindən necə qarşılandı?

Dünya premyerasına üç gün qalmış - 15 yanvar tarixində Park Cinema Flame Towers kinoteatrında ilin ən çox gözlənilən filmlərindən biri - "Suyun şəkli" filminin premyera öncəsi nümayişi baş tutmuşdur.

Həmin gecədə Park Cinema qonaqlara filmin ilk izləyicilərinə çevrilmək, həmçinin emosiya və müsbət təəssüratları paylaşmaq imkanı yaratdı. Əminliklə söyləyə bilərik ki, bu film nümayişə gələn hər kəsi heyran etdi.

Hollivudun ən məşhur hekayəçisi Gilyermo del Toronun çəkdiyi amerikansayağı fentezi melodram del Toro və Vanessa Teylorun ssenarisi əsasında ərsəyə gəlmişdir.

Su heç bir formaya sahib deyil - o istənilən qabın şəklini alır. Gilyermo del Toro bəyan edir ki, elə sevgi də bu cür qurulub.

Film ilk dəfə avqust 2017-ci il tarixində 74-cü Venesiya kinofestivalında təqdim olunmuşdur. Filmin Rusiya, həmçinin Azərbaycan üçün premyerası 18 yanvar 2018-ci il üçün nəzərdə tutulub.

Filmdə hadisələr təxminən 1962-ci ildə SSSR və ABŞ-ın "soyuq müharibə" zamanı qarşıdurmasının fonunda baş verir. Elayza - Baltimorda məxfi hərbi laboratoriyada xadiməçi çalışan, sıxıcı bir həyat yaşayan qadındır. Uşaqlıqda aldığı travma nəticəsində o danışma əngəllidir. Laboratoriyaya yeni tədqiqat "obyekti" gətirilir. Elayza və onun həmkarı Zelda bu məxluqun zahirən insana bənzər amfibiya olduğunu öyrənirlər. Elayza bu məxluqu izləməyə başlayır və tədricən onların arasında özəl bağ yaranır. Elayza məxluqu öldürmək və ondan preparat hazırlanmağın planlaşdırldığını öyrənəndə onun xilası üçün məxfi əməliyyatda iştirak etməyə razılıq verir.