Üç dəfə evlənən müğənnimiz: “Evli olaola bir ailə də qurmuşdum”


Şou-biznes 16 Yan 2018 13:34:00 289 0

Üç dəfə evlənən müğənnimiz: “Evli olaola bir ailə də qurmuşdum”

"Şeron" qrupunun bədii rəhbəri, müğənni Rüstəm Zeynalovdur müsahibə verib.

Son.az ailem.az-a istinadən həmin müsahibəni təqdim edir: 

- Rüstəm bəy, son zamanlar evlənib boşanan ailələrin sayı çoxalıb. Xüsusilə də sənət aləmində bu cür hallara daha çox rast gəlinir. Sizcə, buna rəvac verən səbəblər hansılardır? - Ailə məsələsi elə bir şeydir ki, Azərbaycanda bir çox insanlar artıq bu məsələləri unudublar. Məsələn, mentalitetə bağlayırlar, yaxud da şifahi olaraq ata-babadan eşitmişik ki, "arvad belə olmalıdır". Peyğəmbərimiz bizə öyrədir ki, müsəlman olaraq bir insan ailə qurmaq istəyirsə, tələsmək lazımdır. Digər bir çox məsələlərdə tələsmək şeytandan sayılır. Hətta atalar sözü də var ki, tələsən təndirə düşər. Amma ailə məsələsində peyğəmbərimiz deyir ki, gördünüz, xoşunuza gəldi artıq qərar verin və tez evlənin ki, araya nifaq düşməsin. Kiminsə gözü düşər, kiminsə nəfsi qalar, şeytan aranı qarışdırar. Şeytanın əsas işi odur ki, ailə alınmasın, gənclər pozğun həyat sürsünlər, yəni zina həyat yaşasınlar. Həmçinin ailə qurulandan sonra onu ayırmaq da şeytanın işidir. İnsan gərək belə şeylərdə diqqətli olsun və seçdiyi bir xanımdan xoşu gəlirsə, dərhal qərar verib, məsləhətləşib ailə həyatı qurmalıdır.

- Son zamanlar rəsmi nikahdan kənar, dini kəbin kəsdirib bir yerdə yaşamaq da belə deyək, dəb halını alıb... - Ailə quranda çoxları rəsmi nikahla yanaşı kəbin kəsdirir. Kəbin müsəlmanlara aiddir. Kəbin nikah deməkdir. Hətta bir çox insanların ailəsi var. Amma deyir ki, mən bir dənə də kəbinli ailə istəyirəm. Bilirsiniz, gizli kəbin ola bilməz. Əgər bir insanın ailəsi varsa və yenə də ailə qurmaq istəyirsə, buna Allahın icazəsi var. Hətta "Quran"da bu barədə ayə də var. "Nisa" surəsinin üçüncü ayəsində deyir ki, xoşunuza gələn halal qadınlardan ikisi, üçü, yaxud dördü ilə evlənin. Onların arasında ədalətli olmayacağınızdan qorxursunuzsa, onların biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır. İnsan bilməlidir ki, ailə qurursa və başqa ailə də qurmaq istəyirsə, bu, gizli ola bilməz. Ailə qurursansa, hər kəsə elan edəcəksən. Məsələn, sən sabah ölsən, uşaqların bacı-qardaşdılar, amma tanımırlar bir-birini. Onlar sabah evlənsə, necə olar? Ona görə də nikah açıq olmalıdır.

Nikah elə bir şeydir ki, orada ailənin sərhədlərini gözləməyi, qadına qarşı diqqətli olmağı öyrədir. Yəni şəxs bilir ki, arvad alanda kölə, qulluqçu almır. Bu zamana qədər tək idinsə, indi səndən əlavə qadın da var və sən ona görə məsuliyyət daşıyacaqsan. Gərək onun qəlbini qırmayasan, haqları olan şeyləri ona alasan. Geyindirməlisən, yedizdirməlisən - bunlar sənin borcundur. Sonra sənin övladın olacaq ona qarşı necə olmalısan və sair.

- Bəs bütün bunları nikah bağlamadan bilmək mümkün deyil? - Bilirsiniz ki, İslama qədər qadının haqları yox idi. Ona qədər misal üçün, həyat yoldaşı vəfat etdikdən sonra qadının heç bir miras haqqı yox idi. Hətta mirası kim ala bilərdi? Kişinin qohumları, qonşuları, heç kəsi yox idisə, aralarında dağıdırdılar, amma onun arvadının heç bir haqqı yox idi və onu bayıra atırdılar. İnsanlar öz qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Amma İslam gələndən sonra qadının haqlarını göstərdi. Demək olar ki, kişi ilə qadının haqları bərabərdir. Sadəcə olaraq, kişinin haqları qadından bir pillə üstündür. Bilirsiniz ki, həmişə kişi peyğəmbər göndərilib, qadın peyğəmbər göndərilməyib. Kişi başçı ola bilər, qadın ola bilməz və sair. Kişi biləndən sonra ki, evdə qadının haqları nədir, o, yoldaşına qarşı daha diqqətli olar. Bilməyəndə isə... Yəni bilənlə bilməyən eyni olmur. Kişi bilməlidir ki, yoldaşının ona hamballıq, qulluqçuluq etmək borcu yoxdur. Sadəcə olaraq, o, Allahın razılığını qazanmaq üçün ərinə baxır, yemək bişirir,  paltarını yuyur, uşağa baxır və sair. Allahın və yoldaşının razılığını qazanmaq üçün edir bunları. Kişi bunları biləndən sonra yoldaşına qarşı daha da nəvazişli olur. Yaxşı olar ki, cəmiyyətdə insanlar ailə həyatının məsuliyyətini bilsinlər. Bu, ailələrin dağılmamağına, daha da möhkəm olmağına səbəb ola bilər.

- Deyirsiniz ki, ailələrin dağılması yaxşı bir iş deyil. Amma özünüz iki dəfə ailənizdən ayrılmısınız, həttaüçüncü dəfə ailə həyatı qurmusunuz... -  Bilirsiniz, biz hamımız gənc olmuşuq. Birdən-birə bu yaşa gəlməmişik ki. İnsan zamanla elmlənir, öyrənir, sonra müdrikləşir və addımlarında daha da düşüncəli olur. Artıq bir sözü dedikdə düşünür ki, onun axırında nə ola bilər? Mən ilk dəfə evlənəndə 20 yaşım var idi. O zaman çox gənc idim. Bilmirdim ailə həyatı nədir. Sadəcə olaraq evlənmişdim. Düzdür, bu ailə həyatı az müddət çəkmədi, 14 il davam etdi. O ərəfədə mən bir ailə də qurmuşdum...

- Bu necə olmuşdu ki...? - Çox gözəl olmuşdu... (gülür)

- Necə yəni, bəs bu evliliyinizi gizli həyata keçirmişdiniz, yoxsa açıq şəkildə? - Əlbəttə ki... Bilirsiniz, hər cəmiyyətdə bu, normal qəbul olunmasa da bilirdim ki, normal və yaxşı bir şeydir. Sadəcə olaraq bunu qoruyub saxlamaq məsələsi vardı. Bilirsiz necədir? Elə şeylər var ki, insan hər şey də etsə, o şey ki alınmamalıdır, alınmayacaq. Sadəcə olaraq, biz bütün şanslardan istifadə etməliyik. Yaxud da görürsən ki, ailə üzvlərindən kimsə xəstə olur. Hətta ümidsiz də olsa, əlindən gələn hər şeyi edirsən ki, sağalsın. Ailə məsələsində də insan axıra qədər dayanmalıdır. Mən demirəm ki, ideal insanam, ailəmin dağılmaması üçün hər şeyi yoxlamışam. Təbii ki, mənim də öz səhvlərim, buraxdığım boşluqlar var.

- Məsələn, hansı səhvlər? - Artıq bunları desəm, çox olar. Bilirsiniz, məndən çox zaman ona görə müsahibə götürmürlər ki, sualın özündən yox, ətrafında danışırsan. Ailə məhrəm şeydir və gizli qalmalıdır. Mən ömrümdə birinci dəfədir ki, ailəm haqqında müsahibə verirəm. Həm də mən ailəm haqqında yox, ailə haqqında danışıram.