Ceyhun Məmmədov: "Biz hamımız bu tarixi prosesin iştirakçıları, şahidləriyik"


Digərləri 16 Yan 2018 13:25:00 323 0

Ceyhun Məmmədov: "Biz hamımız bu tarixi prosesin iştirakçıları, şahidləriyik"

Azərbaycan Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qüvvəyə mindi. Əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addım olan bu Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir. İctimai yerlərdə, iş yerlərində, dayanacaqlarda, kafe, restoran və şadlıq saraylarında, bir sözlə - ətrafımızda tüstüsüz mühit yaradılır, sağlam həyat tərzi təbliğ edilir. Milli Məclis tərəfindən bir neçə dəfə müzakirəyə çıxarılmış və ötən il dekabrın 1-də qəbul olunmuş bu Qanunun mahiyyəti, ayrı-ayrı müddəaları ilə bağlı Son.az-ın suallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov cavab verir.

- Ceyhun müəllim, rəhbərlik etdiyiniz İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu Qanun layihəsinin hazırlanmasında fəal iştirak etmişdir. Bu gün, Qanun qəbul edildikdən sonra oxucularımıza bu barədə nə deyərdiniz?

- İlk növbədə, mən bu Qanunun qəbul edilməsi ilə bağlı hamımızı ürəkdən təbrik edirəm. Eyni zamanda, Qanunun layihəsi üzərində neçə illərdir dayanmadan və fədakarcasına işləmiş hörmətli deputatlarımıza və Milli Məclis əməkdaşlarına, ümumiyyətlə, bu layihəyə dəstək vermiş bütün tərəfdaşlara öz təşəkkürümü bildirirəm. Sevinirəm ki, bizim birgə fəaliyyətimiz səmərəli və müvəffəqiyyətli oldu.

- Sizcə, bu Qanunun əsas mahiyyəti nədən ibarətdir?

- Əsas məqsəd budur ki, hamılıqla əl-ələ verib ətrafımızda tütünsüz bir mühit yaradaq. Azərbaycanda bu cür mühitin yaradılması tütündən istifadə etməyən, lakin tütün tüstüsü ilə nəfəs almağa məcbur olan insanlarla yanaşı, tütün tüstüsünün təhlükəli təsirinə daim məruz qalan siqaret çəkənlərin özləri üçün də böyük əhəmiyyətə malikdir. Belə bir tütünsüz mühitin yaradılmasına dair siyasətin bünövrəsi hələ 2005-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası"na qoşulmaq barəsində Qanunun imzalanması ilə qoyulmuşdur. Bu baxımdan, hazırkı Qanunun qəbul edilməsi qlobal tütün epidemiyasına qarşı Azərbaycanda atılan növbəti məqsədyönlü cavab addımıdır.

- Qanuna əsasən, demək olar ki, əksər yerlərdə tütün məmulatlarının istifadəsi tam qadağandır. Necə düşünürsünüz: sərt qaydaların, qadağaların tətbiqi işə yarayarmı?

- Avropa ölkələrinin, Avstraliya, Türkiyə, Rusiya və bir sıra başqa ölkələrin təcrübəsi göstərir ki, bəli, belə qadağaların effekti çox böyük ola bilər. Məsələn, Rusiyada tütün məmulatlarından istifadənin ictimai yerlərdə məhdudlaşdırılması haqqında 2013-cü ildə qəbul olunmuş qanundan dərhal sonra siqaret çəkənlərin sayında kəskin azalma müşahidə edilməyə başladı. Əlbəttə, müsbət nəticələrə təkcə qadağalar hesabına nail olmaq mümkün deyil. Burada tütünə qarşı vahid siyasətin tətbiq edilməsindən, kompleks tədbirlərin həyata keçirilməsindən söhbət getməlidir. Məhz buna görə yeni Qanunda təkcə qadağalar deyil, tütündən istifadənin nəticələrindən qorunmanın başqa prinsipləri də göstərilir, tütünə qarşı tədbirlərin həyata keçirilməsinin təşkilindən bəhs edilir.

- Yenə də qadağalara qayıdaq... Bəs indi bu zərərli vərdişin aludəçiləri harada siqaret çəkə bilərlər?

- Əslində, yeni Qanun bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində tütün çəkilməsini qadağan edir. Yalnız istisna hallarda tütün çəkmək üçün xüsusi yerlər təşkil edilə bilər. Belə imkan həmin obyektlərin rəhbərlərinin ixtiyarına verilir. Lakin bilmək lazımdır ki, bu istisnalar təhsil, tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrinə, habelə onların ərazilərinə, məişət obyektlərinə, sosial xidmət müəssisələrinə, teatr və kinoteatrlara, sirk binalarına, sərgi və nümayiş salonlarına, oxu zallarına, kitabxanalara, muzeylərə şamil olunmur.

- Bəs küçədə, yaşayış binalarının həyətlərində siqaret çəkmək olarmı?

- Binaların həyətlərində siqaret çəkməyə icazə verilsə də, həyətdə uşaq meydançası varsa, orada siqaret çəkmək qadağandır. Qanunda bu qadağa yerüstü qapalı və yeraltı piyada keçidləri, avtobusların dayanacaq məntəqələrinə də aid edilir.

- Sizcə, bu qadağalar tütün istifadəçilərinin hüquqlarını pozmur ki?

- Qətiyyən. Məşhur səhiyyə təşkilatçısı Semaşko vaxtı ilə demişdir: "Siqaret çəkən hər bir şəxs bilməli və anlamalıdır ki, bu addımla yalnız özünü deyil, başqalarını da zəhərləyir". Bu baxımdan, Qanun tütün çəkməyənlərin hüquqlarını müdafiə edir, onları tütün tüstüsünün zərərli təsirindən qoruyur. Bu da ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq" və "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək" hüquqlarına riayət edilməsi tələbindən irəli gəlir.

- Belə fikirlər də səslənir ki, şadlıq sarayları, restoran, bar və kafelərdə tütün çəkmənin qadağan edilməsi bu sahənin inkişafına ciddi zərbə vura bilər. Siz necə fikirləşirsiniz?

- Əvvəla, analoji qadağa Azərbaycandan başqa dünyanın bir çox ölkəsində də mövcuddur. Onların heç birində restoran biznesi bundan zərər çəkməyib. Düzdür, həmin ölkələrdə də bu qadağalara başlananda oxşar narahatlıqlar yaşanırdı. Amma reallıq göstərdi ki, ətraf mühitin təmiz, əlverişli olması sayəsində insanlar ailələri, uşaqları ilə bərabər belə yerlərə daha tez-tez gəlməyə başladılar. Demək olar ki, çox hallarda müştərilərin sayında artım müşahidə edildi. Ona görə də fikrimcə, yeni Qanunun qəbulu bu sektorda biznesin nəinki zəifləməsinə, əksinə, daha da inkişafına səbəb ola bilər.