Bakı Slavyan Universitetinin rektoru: "İndi tələbələr özlərinə daha çox güvənirlər" FOTO


Digərləri 16 Yan 2018 13:17:37 332 0

Bakı Slavyan Universitetinin rektoru: "İndi tələbələr özlərinə daha çox güvənirlər"  FOTO

Son.az Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın Trend-ə müsahibəsini təqdim edir:

- Əvvəlcə Sizə belə bir sualla müraciət etmək istərdim: Bakı Slavyan Universitetinin bügunkü uğurlarının səbəbini nədə görürsünüz?

- Bugünkü şəraitdə hər bir universitetin uğurlu fəaliyyəti öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinin tətbiqi, tələbə qəbulu planının müəyyənləşdirilməsində universitetlərin rəyinin əsas götürülməsi, bu gün ali məktəblərə beynəlxalq əməkdaşlıq, yaradıcı layihələr üçün gözəl şəraitin yaradılması universitetlərə öz fəaliyyətini yeni relslər üzərində qurmağa imkan verib.

Universitetimizdə son bir il yarım müddətində bir sıra aktual məsələlərə həsr olunmuş 20-dən çox elmi, elmi-praktik konfrans keçirilib. Bu konfransların işində ikitərəfli müqavilələr əsasında Rusiyanın 30-dək tanınmış universitetinin, Türkiyənin Qazi, Uludağ, Qafqaz, Ankara, Akdeniz, Almaniyanın Humboldt, İngiltərənin Kembric, Oksford universitetlərinin professorları iştirak ediblər. Rusiya, Bolqarıstan, Ukrayna, Belarus, Polşa, Çexiya və digər slavyan ölkələrinin, eləcə də Yunanıstanın tanınmış simaları, dövlət xadimləri universitetimizin qonağı olublar. Ötən tədris ilində keçirdiyimiz iki beynəlxalq elmi konfransın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BSU və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının (MAPRYAL) birgə qrant layihəsi əsasında təşkil edilmiş və respublikamızda rus dilinin tədrisi, rusdilli məktəblərin problemlərinə, o cümlədən, tədris vəsaitlərinin hazırlanmasına həsr olunmuş beynəlxalq konfransda Rusiya Təhsil Akademiyasının və MAPRYAL-ın prezidenti ilə yanaşı, 30-dək xarici mütəxəssisin iştirakı geniş müzakirələrə meydan açdı. İkinci vacib tədbir milli kimlik məsələsinə həsr edilmişdi. Bu beynəlxalq konfransı BSU qrant layihəsi əsasında Kembric Universiteti ilə birgə keçirib.

Hazırda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində yalnız BSU-nun professor-müəllim heyətinin deyil, həm də digər ali məktəblərin müəllimlərinin, doktorantların, tələbə və magistrantların, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda ənənəvi - IX Beynəlxalq konfransı yüksək səviyyədə keçirməyə hazırlaşırıq.

Universitet həyatını daha maraqlı edən tələbə təşkilatlarının fəaliyyəti, tələbələrin iştirakı ilə hazırlanan və keçirilən saysız-hesabsız kütləvi tədbirlərdir. Fəxrlə deyə bilərəm ki, akt zallarımız, tədris-mədəniyyət mərkəzlərimiz, konfrans zallarımız bir gün də olsun boş qalmır. BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir. Universitet rəhbərliyi onların bütün təşəbbüslərini dəstəkləyir və istiqamətləndirir.

- Bu gün semestr imtahanları hansı şəraitdə keçirilir?

- Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyəm ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.

Qeyd edim ki, hər bir ali məktəbin səviyyəsi yəqin ki, ilk növbədə, onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Müəllimlərimiz çalışırlar ki, tələbələrimizin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Həm də bu gün hər bir tələbəmiz çox yaxşı bilir ki, imtahanlarda qiymətləndirilmənin yeganə meyarı bilikdir. Buna görə də obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş auditoriyalarda keçirilir. Valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanda iştirak edən nəzarətçilər qeyri-ixtisas müəllimləridir. Yoxlama prosesində tələbələrə dərs deyən müəllimlərin özləri iştirak etmirlər. İmtahanların cavabları elə həmin gün universitetin saytına yerləşdirilir. Sessiya dövründə İmtahan qərargahı fəaliyyət göstərir, hər bir fakültənin nəzdində Münaqişə komissiyası, eyni zamanda, universitet üzrə Münaqişə komissiyası fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr bu komissiyalara müraciət edirlər. Tələbələrin valideynləri də komissiyaya müraciət zamanı İmtahan qərargahında iştirak edə bilirlər. Onlar imtahanların tam şəffaf, obyektiv keçirilməsinə əmin olurlar.

- BSU-da tələbələr Münaqişə komissiyasının fəaliyyətindən razıdırlarmı?

- İndi tələbələr daha güvənli tələbə həyatı yaşayırlar. Çünki bilirlər ki, qovulma, kursda qalma halları yoxdur. Hər bir tələbənin vəziyyəti, qiyməti onun özünün fəaliyyətindən asılıdır. Yəni daim üzrsüz səbəbdən dərsə gəlməyən tələbələr nəzarətdə saxlanılır, onların qaibləri jurnalda qeyd olunur. Bunun əsasında semestrin nəticələrinə keçid balı toplayırlar. Həmin balın üzərinə onların imtahanda topladıqları ballar əlavə olunur, nəticədə tələbənin ümumi balı müəyyənləşir. Bu ballar əsasında onlara təqaüdlər də ayrılır. Məncə, belə gözəl şəraitdə təhsil alan tələbə yüksək göstəricilərə nail ola bilir və heç bir ədalətsiz mövqe ilə rastlaşmır. Çünki bu gün tələbələrimiz də ayıq-sayıqdırlar, onlar artıq öz hüquqlarını yaxşı bilirlər.

- BSU-da tələbələr üçün xaricolunma, qovulma, kursda qalma təhlükəsinin olmadığını bildirdiniz. Bu, universitet rəhbərliyinin tələbələrlə daha yumşaq davranmasının nəticəsi kimi izah edilə bilərmi?

- Xeyr. Bu, Azərbaycan universitetlərində mövcud olan kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə bağlıdır. Bu sistemə uyğun olaraq, kəsirləri olan tələbələr alt qruplarda, Yay məktəblərində təhsil alır, öz kəsirlərini ləğv etmək üçün əlavə imkan qazanırlar. "Qaydalar"a görə tələbə yalnız universitetdaxili nizam-intizamı ciddi şəkildə pozduqda ali məktəbdən xaric edilir.

- Bəs maddi imkanı yol vermədiyindən alt qruplarda təhsil ala bilməyən tələbələrə qarşı hansı addımlar atılır?

- 14 iyun 2017-ci ildə Nazirlər Kabineti kredit sistemi ilə tədrisin təşkili ilə bağlı qaydalara dəyişikliklər etdi. Bu qaydalara uyğun olaraq, tələbələr fənni təkrar dinləmədən təkrar imtahana buraxıla bilərlər. Bu, payız və yaz sessiyaları bitəndən sonra növbəti semestr başlananadək mümkündür. Alt qruplarda otura bilməyən tələbələr cüzi ödəniş etməklə kredit borclarını ləğv edə bilirlər və kredit borcları həddən artıq deyilsə, ödəniş aparmadan dərslərdə iştirak etmək hüququna malikdirlər.


Xəbərə aid fotolar