"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" internet səhifəsi istifadəyə verilib (FOTO)


Digərləri 16 Yan 2018 11:27:00 281 0

"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" internet səhifəsi istifadəyə verilib (FOTO)

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb.

Bakı. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir. “Ana səhifə” bölməsinə “Rəsmi sənədlər” və “Tədbirlər” alt bölmələri daxildir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı “Rəsmi sənədlər” bölməsində yerləşdirilib. “Tədbirlər” bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapıb. Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilib. Saytın “Mədəniyyət” bölməsində “Məscidlər”, “İmamzadələr”, “Tarix-memarlıq abidələri”, “Sənətkarlıq”, “Memarlıq”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Milli geyimlər”, “Milli mətbəx”, “Muzeylər”, “Teatrlar” və “Kitabxanalar” olmaqla, 12 alt bölmə var. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilib, həmçinin “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür. “Turizm” adlanan bölmədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, dini turizm və müalicə turizmi obyektləri, o cümlədən yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri qeyd olunub.