Zökəmi düzgün müalicə edin, yoxsa...


Digərləri 15 Yan 2018 23:55:00 373 0

Zökəmi düzgün müalicə edin, yoxsa...

Soyuqdəyməni ilk simptomlarından biri olan zökəm adətən ciddi pozulma kimi qəbul edilmir.

Lakin "adi" zökəm asanlıqla haymoritə (həkimlər daha tez-tez "sinusit" termini işlədirlər) keçə bilər. Haymorit isə çox ağır xəstəlikdir. Haymorit çətinliklə müalicə olunur, müalicə zamanı antiotiklərdən, bəzi hallarda cərrahi müalicəsindən istifadə olunur (irinlə dolu olan boşluq deşilir, irin xaric edilir) və s. Haymoritin əsas təhlükəsi ondan ibarətdir ki, irinli ocaq beyinə çox yaxın yerləşir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, zökəm başladıqda burunda seliyin ifrazı xeyli artır. Bu normaldır və bu orqanizmin müdafiə reaksiyasıdır. Seliklə birlikdə orqanizmdən viruslar, mikroblar, onların toksinləri ifraz olunur. Lakin bunun üçün burunda olan selik daim buradan xaric olunmalıdır. Əks halda burunda durğunluq yaranacaq, selik sinuslarda (boşluqlarda) yığılacaq və   mikrobların sayının burada sürətlə artmasına səbəb olacaq. Bu isə haymoritin başlanğıcıdr.

Əgər zökəm 1 həftədən artıq davam edirsə, burundan ifraz olunan selik bulanıq, sarı-yaşıl rəng alıbsa, mütləq LOR həkiminə müraciət edin. Bu artıq zökəmin deyil, haymoritin simptomlarıdır.

Haymoritin xarakterik simptomu alın nahiyəsində, almacıq sümüyündə küt ağrıların olmasıdır.  İnsan burnunu boşaldanda ağrı bir qədər azalır, sonra isə yenidən əmələ gəlir.

Zökəm zamanı həkimlər damar daraldıcı damcılardan (burun damcıları) istifadə etmək tövsiyə etmirlər. Bu damcılar müalicə etmir, yalnız müvəqqəti effekt verir. Damcılar burunun selikli qişasında yerləşən və buradan seliyi ifraz etməyə kömək edən kiçik tükcüklərin fəaliyyətini pozur. Nəticədə selik burundan normal çıxa bilmir.

Həkimlər zökəm zamanı burunu tez-tez selikdən təmizləməyi, qızdırıcı proseduraları tətbiq etməyi tövsiyə edirlər. Bu çox asandır. 2 dənə yumurta bişirin və isti halda burunun hər iki tərəfinə qoyub saxlayın. Bunun nəticəsində seliyin ifrazı asanlaşacaq.

Digər üsul - adi duz tavada yaxşı qızdırılır, kiçik pambıq torbalara tökülür və burun nahiyəsinə qoyulur.