Bu aralar xüsusilə diqqətli olun


Digərləri 15 Yan 2018 22:11:00 324 2

Bu aralar xüsusilə diqqətli olun

"Qış aylarında sürücülər nasaz avtomobillə uzun yola çıxmamalıdır"

Qışda avtomobillərin xüsusi qulluğa ehtiyacı olur. Təkər dişlərinin dərinliklərinə və təkər havasına, şüşə suyu və pəncərə silənlərə, işıqlandırma lampalarına nəzarət qışda sizi təhlükələrdən qorumaqla yanaşı, avtomobildə də bir sıra problemlərin yaranmasının qarşısını alır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, avtomobil ustası Malik Əliyevin danışdığına görə, mühərrikli vasitələr üçün bütün baxışlarda ilk şərt mühərrik yağının dəyişdirilməsidir: "Bu yağ mühərrikin detallarının daha yaxşı çalışması üçün olan vasitədir. Yağ istifadə edildikcə azalır və keyfiyyəti dəyişir. Və vaxtaşırı dəyişdirilməsinə ehtiyac yaranır".

M.Əliyev bildirir ki, bəzi sürücülər mühərriki hərəkətə gətirən kimi sürməyə başlayır: "Bu da avtomobilin mühərrikində müəyyən problemlərin yaranmasına səbəb olur".

Usta qeyd edir ki, bəzən sürücülər bilmədikləri üçün qışda donan şüşəyə isti su tökürlər: "Bu, qətiyyən olmaz. Çünki şüşə anında parçalanmasa belə, sonradan parçalana, çatlaya bilər. Şüşənin donunu açmaq üçün az-az adi su tökülməlidir. Şüşələr içəridən sabunlu su ilə silinməməlidir. Əks halda buxarlanmaya səbəb ola bilər".

"Məsləhətdir ki, sərt qış başlamamışdan sürücülər avtomobillərini müayinə etdirsinlər. Qış aylarında avtomobilin daha çox qulluğa ehtiyacı olur. Buna görə də çalışın ki, avtomobili müayinədən keçirib problemlərini həll edəsiniz. Problemsiz avtomobil həm də təhlükəsiz həyat deməkdir. Qış aylarında nasaz avtomobillə əsla uzun yola çıxmaq olmaz".