68 nəfər insan alveri qurbanına yardım göstərilib


Digərləri 15 Yan 2018 16:10:00 300 0

68 nəfər insan alveri qurbanına yardım göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 96 nəfəri, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 68 nəfər insan alveri qurbanını və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 28 nəfər potensial insan alveri qurbanını (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsləri) müxtəlif növ yardımlarla təmin edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qeyd olunan insanların hüquq və mənafelərinin müdafiəsi, zəruri yardımlarla təmin edilmələri, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü tədbirlər görülüb. Onların hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib olunub və bir sıra şəxslərə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. İnsan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından ümumilikdə 44 nəfərin tibbi, 52 nəfərin psixoloji, 53 nəfərin hüquqi yardımla təminatı həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan 21 nəfərin münasib işlə təmin olunmasına, 10 nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq, insan alveri qurbanlarından 14 nəfər sığınacaqla təmin edilib.

İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə ictimai məlumatlılığın artırılması işləri də davam etdirilib. Bu məqsədlə respublikamızın ayrı-ayrı bölgələrində (Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s.) əsasən gənclərin iştirakı ilə tədbirlər təşkil olunub, iştirakçılara müvafiq mövzularda dolğun məlumatlar verilib.