“Çölçü” filmi yanvar ayının “Ən yaxşı bədii film”i seçilib


Digərləri 15 Yan 2018 13:14:00 162 0

“Çölçü” filmi yanvar ayının “Ən yaxşı bədii film”i seçilib

Mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək

Azərbaycan istehsalı olun “Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb.  

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ekran əsəri bu ilin yanvar mövsümünün “Ən yaxşı bədii film”i mükafatını qazanıb. 

Mükafatın təqdimetmə mərasimi bu ilin ortalarında Hindistanın Kolkata şəhərində keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq mükafatlara layiq görülüb.

“Çölçü” filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur.