Sumqayıtda qadın sürücü 56 yaşlı qadını vurub


Sosial 14 Yan 2018 23:28:21 261 0

Sumqayıtda qadın sürücü 56 yaşlı qadını vurub

Adı açıqlanmayan sürücü məsuliyyətə cəlb olunub

Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Haci Zeynalabdin qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib.

Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYX) Zədə Məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.