Yaddaşlardan silinməyəcək mahnıların bəstəkarı FOTO
Kriminal 14 Yan 2018 08:29:00 417 0
Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
Onun mahnılarını ən məşhur müğənnilər oxuyub - Müslüm Maqomayev, Alla Puqaçova, Anna German, Edita Pyexa, Lev Leşenko, Lyudmila Qurçenko, İosif Kabzon, Soviya Rotaru, Lyudmila Zıkina, Valentina Tolkunova, Andrey Mironov, Valeriy Leontyev, Vadim Mulerman... Uşaqlar onun mahnılarını daha yaxşı oxuyublar. Hələ çox illər bundan sonra da oxuyacaqlar.
92 yaşında vəfat edən görkəmli bəstəkar Vladimir Şainskinin ölüm xəbəri təkcə Rusiyada deyil, həmçinin Azərbaycanda da kədərlə qarşılandı. Onun musiqisi ilə Rusiyanın və yaxın xarici ölkələrin bir neçə nəsli böyüyüb. Bir-birindən şirin nəğmələrin, uşaqlar üçün mahnıların, animasiyaların musiqisinin müəllifi kimi V.Şainski çox sevilib. V.Şainski timsah Gena və Çeburaşka haqqında "Mavi vaqon" və "Qoy dəcəllər qaçsın" da daxil olmaqla, 40-dan artıq cizgi filminə musiqi bəstələyib. O "Əsgər şəhəri gəzir", "Ata evi" kimi mahnıların, "Şən və hazırcavablar klubu"nun (KVN) himninin müəllifi kimi tanınıb. Pianino arzusu Tanınmış bəstəkarın həyatının müəyyən bir dönəmi Bakı ilə bağlı olub. Əgər Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsərlər bəxş edə bilməzdi. V.Şainski Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (Konservatoriya) bitirib. Görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. İlk əsərlərini də Bakıda yazıb. O, öz arzularının arxasınca Bakıya gəlib. O zaman bakılılar heç bir maddi imkanı olmayan gələcək bəstəkara çox kömək ediblər.
Anası onu Leninin şərəfinə Vladimir adlandırıb. Ancaq bəstəkarın qalan bütün həyatı norma və qaydalardan tamamilə kənarda davam edib.
V.Şainski uşaqlıqdan bəstəkar olmaq istəmişdi. O, 7 yaşında Qoqolun əsərlərini oxuyurdu. 15 yaşında məktəbdə ilk sevgisini etiraf etmişdi. 45 yaşında isə ailə qurmuşdu. Melodiyalar isə özünü tanıyandan ömrünün sonuna qədər onun qəlbində aşıb-daşırdı. "Çətin illər idi. O zaman anam və atam universitetdə oxuyurdular. Sonradan onlar ayrıldılar. Anam məktəbdə biologiya müəlliməsi işləyirdi. Onun maaşı mənə dayə tutmağa kifayət edirdi. Daha sonra uşaq bağçasına getdim. Yadımdadır ki, bizə böyük Stalin, qüdrətli dövlət haqqında siyasi mövzuda mətnləri əzbərlədirdilər. Onları söyləmək lazım gələndə isə məni sırada ön cərgədə saxlayırdılar. Bir dəfə Stalin haqqında şeiri unutduğum üçün bir həftə səhər yeməyindən məhrum edildim. 4 yaşım olanda anam məni operaya gətirdi. Biz Rimski Korsakovun "Sadko" operasına baxdıq. Anam sadə ailədən olsa da, gimnaziyanı bitirə bilmişdi və musiqi haqqında təsəvvürü var idi. Tamaşadan ən çox yadımda qalan qəhrəmanın ağlayaraq "Sadko məni daha sevmir" deyərək oxuması idi. Musiqi yaddaşıma həkk olundu. Bu, anamın gözündən yayınmadı. O, istəmirdi ki, mən işsiz-gücsüz qalıb küçədəki uşaqlarla boş vaxt keçirim. 6 yaşım olanda məni musiqi məktəbinin royal sinfinə verməyi qərara aldı. Məktəb pullu idi. Müəllim məni yoxladı, notları bildiyimi görüb məktəbə qəbul etdi. Mən Kiyev Konservatoriyasının nəzdində olan bu məktəbə 10 il skripka daşıdım. Skripka həyatıma ona görə daxil olmamışdı ki, royala olan sevgimdən əl çəkmişdim, sadəcə, uşaq skripkası baha deyildi. Anamla mən pianinonu heç arzu edə bilməzdik. Sonra mən klassik janrda musiqi bəstələməkdə özümü sınadım". Bakı xatirələri Onun gəncliyi müharibə illərinə təsadüf edir. 18 yaşlı Şainski orduya çağırılır. Özbəkistanda rabitə hazırlıqları kursu keçir. 1945-ci ildə isə tərxis olunur. Ordu ilə onu bağlayan çoxlu xatirələri vardı. Orada hərbi mahnılar yazmışdı. Əsgərlər onun mahnılarını xorla oxuyurdular. Tərxis olunandan sonra V.Şainski Kiyevə qayıdıb anasını tapır. Müharibənin dağıtdığı evlər, bombardmanların izləri, meydanda asılan satqınların cəsədləri - Kiyevdə onu qarşılayan bu səhnələr idi. Əslində bu dəhşətləri özü də yaşamışdı. Ancaq ümidini itirmirdi: "Müharibə bitəndə mən gənc idim və həyatımı qurmalı idim. Müharibədən rabitəçi kimi tərxis olundum. Ancaq qəlbimdən musiqi silinməmişdi. Bəlkə mənə təsəlli olan yeganə şey də bu idi. Kiyevdə musiqi təhsilimi davam etdirdim. Ancaq başa düşürdüm ki, Moskva skripka məktəbi daha yaxşıdır. Çantamı yığıb anamı öpərək Moskva Konservatoriyasına daxil olmaq üçün yollandım. Əgər o zaman üçüncü kursa deyil, birinci kursa qəbul olunsaydım, bəlkə də onda məndən Paqanini kimi böyük skripkaçı alınardı. Ancaq mən bu gün sadə bəstəkaram" - deyə o, xatırlayırdı.
Moskva Konservatoriyasının skripka sinfinə daxil olsa da, yəhudilərin bəstəkarlıq fakültəsinə qəbulu ilə bağlı qadağanı eşitməsi onu məyus edir. Ancaq o, konservatoriyanı bitirir. Dolanışıq üçün məktəbdə musiqi dərsi deməkdən savayı, restoranda skripka çalmağa məcbur idi. Bir gün Moskvada çalışan azərbaycanlı bəstəkar Asiya xanım ona Bakı Konservatoriyasına daxil olmağı məsləhət gördü. O zaman gənc musiqiçi Leonid Utyosovun orkestrində çalırdı. Ancaq gəncin istedadı layiqincə qiymətləndirilmirdi. O, hər şeyi ataraq Bakıya gəldi. 1962-1965-ci illərdə Konservatoriyada - möhtəşəm musiqi ocağında təhsil aldı. Görkəmli bəstəkar və pedaqoq Qara Qarayev tələbəsinin bacarığına heyran qalmışdı. Gələcək bəstəkarın pulu yox idi. Ancaq Bakının hər küçəsində onun üzünə evlərin qapılarını açırdılar. "Bakıda yeməklə bağlı hər şey qaydasında idi. Bakı gözəl və mehriban şəhər idi. Bütün qonşular, hətta, tanış olmayan insanlar da bir-birinə kömək edirdilər. Mən idmanı, xüsusilə üzgüçülüyü və balıq tutmağı xoşlayırdım. Bakıda oxuduğum illərdə qayıqla Nargin adasına qədər gedirdim. Bu, mənə xüsusi zövq verirdi" - deyə bəstəkar sonralar xatırlayırdı.