FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı


Digərləri 13 Yan 2018 23:52:00 275 0

FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı

Badamdar qəsəbəsindəki mənzillərə qənim kəsilən, silsilə oğurluqlar törədən mütəşəkkil dəstə üzvləri məhkəmə önünə çıxarılıb. Dəstənin fəal üzvlərindən biri Fövqəladə Hallar Nazirliyinin baş leytenantı Nicat Əliyev olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin - 30 yaşlı Orxan Quliyev, 26 yaşlı Nicat Əliyev, 32 yaşlı Təhməz Əsgərov, 26 yaşlı Rişan Bayramov, 25 yaşlı Camal Heydərov və 24 yaşlı Cavid İsazədənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki,prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İstintaq zamanı müəyyən edilib ki, oğru dəstəsinin əsas hədəfi Badamdar qəsəbəsindəki mənzillər olub. Onlar adı çəkilən qəsəbədə müxtəlif vaxtlarda 10 mənzil və bir mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar.

Dəstənin fəal üzvü Nicat Əliyev Fövqəladə Hallar Nazirliyində müfəttiş vəzifəsində işləyib. Onun baş leytenant rütbəsində xidmət etdiyi müəyyən edilib. Mənzillərdən oğurlanan qızıl-zinət əşyalarını da məhz Nicat Əliyev "Moskva" univermağında "əridə" bilib.

Banda üzvləri oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyənləşdiriblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, evdə olmayan qonşuları barədə "həmkarları"na qabaqcadan məlumat verib. Oğurluğa girdikləri həyət evlərində, bir qayda olaraq, darvazanı arxadan bağlayıblar.

İlk oğurluq uğursuz olub - cəmi 200 manat

Ötən ilin noyabrından etibarən dəstə üzvləri mənzilləri qarət etməyə başlayıblar. İlk hədəfləri heç də uğurlu alınmayıb. Badamdarda yaşayan gömrük əməkdaşının evinə soxulan dəstə üzvləri oradan suyu süzülə-süzülə çıxıblar. Belə ki, mənzildən əliboş qayıtmaq istəməyən "çağırılmamış qonaqlar"ın payına cəmisi 200 manat "xırda pul" və bir qədər bijuteriya düşüb.

Növbəti oğurluq da birincidən fərqlənməyib. Mənzil sahibinin evdə olmamasını müəyyən etmək üçün pusqu qurublar. Evə pəncərədən keçərək yataq otağının altını-üstünə çeviriblər. Cəmi 100 manat pul tapıblar.

"Təcrübə" toplayan qarətçilər

Qonşuluqda yaşayan Ayna Sadıqova da dəstə üzvlərinin qarətinə tuş gəlib. Oğru dəstəsinin bu dəfə bəxti gətirib. Onlara mənzildən külli miqdarda - 22 min manat yaxın qızıl-zinət əşyaları aparmağa müvəffəq olublar.

Sonuncu qarət dəstə üzvlərini daha çox şirnikdirib. Ardınca çoxsaylı mənzillər soxulan banda üzvləri ev sahiblərinə külli miqdarda zərər vurublar. Onlar Azad Əliyevin mənzilindən 12 min manat, Mərahim Əliyevin mənzilindən 17 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Təqsirləndirilən Nicat Əliyev ifadəsində Nicat Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində mənzillərdən oğurladıqları qızıl-zinət əşyalarını "Moskva" univermağında satdıqlarını göstərib: "Azad Əliyevə məxsus evin pəncərəsi küçəyə baxırdı. Pəncərənin nəfəsliyini Rişan açdı, Təhməzlə birlikdə içəri daxil olduq. Evdən bir noutbuk, bankada xırda pullar götürüb çıxdıq. Həmin evdən qızıl-zinət əşyaları götürməmişik. Vüqar Əliyevin həyətinə Camalla daxil olduq, Orxansa pusquda dayandı. Mənzildən 200 manat pul və bijuteriya oğurladıq.

Mərahim Ələkbərovun evindən cəmisi 250 manat aparmışıq. Evdə qızıl olmayıb. Orada göstərilən 17 min manatla razı deyiləm".

"Təhsilimi davam etdirməyə gedəcəkdim, xarici pasportum yox idi"