Kadırovun dostları: Ərəblər Çeçenistanı


Digərləri 13 Yan 2018 21:25:00 274 0

Kadırovun dostları: Ərəblər Çeçenistanı

Çeçenistan Qafqazda xarici investorların cəlb edilməsində uğur əldə edən yeganə Rusiya regionudur. Bunu Moskva məmurları deyirlər.

Bu sərmayələr barədə şəxsən respublika başçısı Ramzan Kadırov özü danışıqlar aparır.

O, bunu niyə edir? Niyə Rusiya investorları Çeçenistana getmir, amma ərəblər gedir?

Çeçenistan başçısı bu payızı Yaxın Şərq ölkələrinə səfərlərdə keçirib, məmurlarla və iş adamları ilə görüşüb.

Noyabr ayının sonundan Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin yüksək rütbəli nümayəndələri ilə aşağısı 7 görüş keçirib.

Kadırov bu barədə öz İnstagram səhifəsində (hazırda bu səhifə mövcud deyil) yazmışdı.

Səfərlər barədə yerli KİV-lər də fəal şəkildə məlumat yaymışdılar.

İnstagram və digər sosial şəbəkələrə əsasən qiymətləndirsək Yaxın Şərqə səfərlərə Kadırovun cədvəlində tez-tez rast gəlinir.

Bu görüşlər sadəcə nəzakət və dostluq naminə deyil, subsidiyalar alan bölgə üçün ehtiyacdır.

Çeçenistan Yaxın Şərqə niyə lazımdır?

"Mən bir sirr açmaq istəyirəm. Bu gün Kadırovun imzaladığı məktub layihəsi var və bu layihə bizim Dağıstandakı həmkarımız tərəfindən öyrənilir. Biz ölkə prezidentindən yüksək sürətli Mahaçqala -Moskva dəmiryolu magistralının tikilməsini xahiş edirik... ", - deyə onlarla adama Arxızın Romantik qəsəbəsindəki "Tramplin 1650" restoranında Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev deyib.

Çeçenistan rəhbərinin fikrincə, dəmiryolu xətti Qroznıdan keçməlidir.

Ötən il dekabrın 9-da "Qafqaza sərmayə qoy" forumunun iştirakçıları restoranda toplaşıblar.

Bu layihənin qəbul edilib-edilmədiyini aydınlaşdırmaq mümkün olmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kadırovun mətbuat katibi və Dağıstan hökumətinin mətbuat xidməti şərh verməkdən imtina ediblər.

Baş nazirin müavini Arkadi Dvorkoviçin aparatında bu istiqamətə məsul olan şəxslər məktub almadıqlarını bildiriblər.

Nəqliyyat Nazirliyi BBC Rus Xidmətinin sorğusuna cavab verməyib.

Elə həmin restoranda gündüz vaxtı, bir qədər əvvəl "Spagetti" MMC-nin direktoru Ramzan Naurbiyev dövlətdən Çeçenistanda makaron fabrikinin tikilməsinə 125 milyon rubl almağa cəhd göstərib.

Kadırov Qroznı gününü Bəhreyn kralının şəxsi nümayəndəsi şeyx Nasser bin Həmad İsa Əl Xəlifa və Krımın başçısı Sergey Aksenovun iştirakı ilə qeyd edib. Bunun üçün o, Moskvadan Səudiyyə Ərəbistanı kralı ilə görüşdən qayıdıb.

O, BBC-yə özəl investorların yalnız 10 milyon rubl verə biləcəyini söyləyib.

Naurbiyev "Qafqaza sərmayə qoy" forumunda öz layihəsini təqdim edən, Şimali Qafqazın İnkişaf Korporasiyası,kiçik və orta biznesin inkişafı Korporasiyasından kömək almaq istəyən 3 çeçen iş adamından biridir.

Digər iki layihə "Sernovod Kavkazskiy" kurortunun inkişafına və pomidor yetişdirmək üçün planlaşdırılan istixana komleksinə aid olub.

Orta ölçülü müəssisələr hökumətin əhəmiyyətli dəstəyi olmadan regionda layihəyə başlamırlar.

Büdcə uğrunda döyüş

Bununla yanaşı federal mərkəz hər il rəsmən regionlara dəstəyin azaldılması planları barədə bəyanat verir.

Bu Çeçenistan üçün mühüm məsələdir.

Respublikanın büdcəsi subsidiyalardan çox asılıdır.

Hesabat Palatasının məlumatına görə, Çeçenistan federal büdcədən edilən köçürmələrdən daha çox asılı olan regionların siyahısındadır.

Çeçenistanın federal büdcədən maliyyələşməsindən yüksək asılılığını S&P reytinq agentliyinin aparıcı təhlilçisi Yekaterina Yermolenko da təsdiqləyir.

Onun sözlərinə görə, Çeçenistanda böyük layihələrin çoxu federal büdcədən ayrılan vəsaitlər həyata keçirilir.

Artıq neçə ildir ki, respublikanın maliyyələşdirilməsi məsələsi KİV-lərin diqqət mərkəzindədir.

Ötən il federal məmurların büdcə dəstəyinin azaldılması barədə bəyanatı Çeçenistan başçısı ilə maliyyə naziri Anton Siluanov arasında ictimai mübahisələr yaratmışdı.

2016-cı ildə Kadırov respublikanın maliyyələşdirilməsinin azalmasına görə Maliyyə Nazirliyinə rəsmən etirazını bildirmişdi.

"Əgər büdcə kəsirləri təcrübəsi gələcəkdə də davam edərsə, respublika inkişaf edə bilməyəcək və biz götürdüyümüz sosial öhdəlikləri yerinə yetirə bilməyəcəyik", - deyə o, İnstagram-da yazmışdı.

Nəticədə Çeçenistanda subsidiyalar demək olar ki 2016-cı il səviyyəsində saxlanılıb.

Ötən il federal büdcə üzərində qızğın iş gedən zaman Kadırov şəxsən Moskvaya gəldi və səlahiyyətli məmurlarla görüşdü.

Onun İnstagram səhifəsində baş nazirin müavinləri Olqa Qolodets (sosial siyasətə nəzarət edir) və Dmitri Kozakla (regionların inkişafına nəzarət edir) şəkilləri yayılıb.

Şəkilləri əlavə maliyyə barədə istəklər müşayiət edib.

Lakin bu il üçün subsidiyalar praktiki olaraq dəyişilməz qalıb.

"Biz hər şeyi (dövlət sərmayə proqramlarını - BBC) təhlil etdik və başa düşdük ki, belə inkişaf edə bilmərik ", - deyə Edelqeriyev Arxızdakı forumda deyib.

O, təkid edib ki, Çeçenistanda doğum hesabatına görə ildə iki-üç deyil, onlarla layihə lazımdır.

Əsas vəsaitlər üzrə sərmayələrin həcminə cədvəldə baxmaq olar.

Ekspertlər Kadırovu Rusiyanın Yaxın Şərqdə "elçisi" adlandırır

Pulu hardan almaq olar?

Büdcə respublikanın yanlız sosial xərclərini qarşılayır, lakin çeçen rəhbərliyinin geniş planlarında bir sıra iri inşaat layihələri var.

Bunun böyük hissəsi regionda turizmin inkişafı ilə bağlıdır.

Çeçenistan bu pulları Moskvadan ala bilmir, vəsaitləri ölkə daxilində də almaq olmaz.

Rusiyanın Şimali Qafqaz üzrə nazirinin müavini Mixail Razvozjayev BBC rusca xidməti ilə söhbətində bildirib ki, böyük Rusiya biznesi hələki nə Çeçenistanda, nə də Şimali Qafqazda ciddi sərmayə qoymağa hazır deyil.

"Çeçenistanın investisiya cəlbediciliyi çox aşağıdır. Hər kəs orada rejimin hansı keyfiyyətdə olduğunu başa düşür ", - deyə Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə eksperti Yekaterina Sokiryanskaya bildirib.

Nəticədə Kadırov vəsait arxasınca Şərqə gedib.

"O, federal mərkəzin ərəb sərmayəsini Rusiyaya cəlb etmək istəyən elçisidir", - Müstəqil Sosial Siyasət İnstitutunun regional proqram direktoru Natalya Zubareviç belə düşünür.

Onun sözlərinə görə, Kadırovun ikinci məqsədi investorları məhz Çeçenistana cəlb etməkdir.

"O, yalnız özü üçün deyil, açıq-aydın körpülərin qurulması üçün federal tapşırığı yerinə yetirir, böyük ehtiyatlara malik olan ərəb ölkələri ilə danışıqlar aparır.

Rusiyada isə xarici sərmayələr kəskin şəkildə çatışmır ", - deyə iqtisadçı təsvir edir.

"Təbii ki, əgər Ramzan Əhmədoviç Yaxın Şərq ölkələrinin birinci nümayəndələri ilə isti, qardaş, sadəcə yaxşı münasibətləri varsa, bu, Rusiya Federasiyasının ümumilikdə maraqlarına cavab verir. Bu isə ona əsaslanır ki, Vladimir Putin bəyan edib ...

Rusiya islam dünyasının ən yaxşı və etibarlı dostudur. Gələcəkdə bunu Rusiya prezidentinin apardığı siyasət də təsdiqləyir.

Ramzan Əhmədoviç bu siyasətin effektiv hissəsidir. Onun bütün hərəkətləri Rusiyanın Yaxın Şərq xarici siyasət doktrinası çərçivəsindədir ", - deyə Ramzan Kadırovun mətbuat katibi Alvi Kərimov BBC rusca xidmətinə bildirib.

Ərəb sərmayəçiləri on milyon dollar yatırmağa hazırdırlar, Ruslan Edelqeriyev BBC-yə deyib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərq ölkələri, məhz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn region üçün əsas xarici investor olub.

Çeçenistan respublikası Rusiyanın Şimali Qafqazda yeganə regionudur ki, xarici investorların cəlb edilməsində uğur əldə edib, Razvozjaev etiraf edib. Bu belədirmi?

Yaxın Şərq səxavəti

Razvozjaev iddia edir ki, Çeçenistanın xarici investorları cəlb etməsində uğur qazanması qismən "respublika başçısının şəxsi nüfuzu və şəxsi münasibətləri" ilə izah olunur.

Sosial şəbəkələrdəki və KİV-lərdəki məlumatlara görə, danışıqları Kadırov şəxsən aparır, bəzən onu Çeçenistan hökumət başçısı Ruslan Edelqeriyev, baş nazirin müavini Hasan Hakimov və Çeçenistan administrasiyasının digər üzvləri müşayiət edir.

Sosial şəbəkələrin hesabatına və çeçen KİV-lərinn məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Kadırovun ən çox səfər etdiyi ölkələrdir.

Yaxın Şərqə səfərindən sonra o, bir qayda olaraq Çeçenistandakı sərmayələrlə bağlı müxtəlif razılaşmalar barədə məlumat verir.

Lakin Çeçenistanın İqtusadi İnkişaf Nazirliyi (İİN) BBC-nin sorğusuna cavabında Yaxın Şərqdən olan sərmayəçilərin iştirakı ilə olan iki layihənin adını çəkib.

Bunlardan biri Canvas mehmanxana kompleksi - digəri Qroznıda Beynəlxalq Universitetdir.

İİN-nin məlumatına görə, Canvas-ın inşaası 4,8 milyard rubl (83 milyon dollar) dəyərindədir.

Mehmanxana layihəsinin özü, 2014-cü ilin yazında Dubayda təqdim edilib və həmin vaxt onun elan edilən dəyəri 120 milyon dollar təşkil edib.

Tikintini Əbu-Dabidən olan Trojan Holding şirkəti aparır.

Bu şirkət BƏƏ-dən olan Royal Group şirkətinin törəməsidir.