Yeni Samsung smartfonları harada göstəriləcək?


Digərləri 13 Yan 2018 08:41:00 250 0

Yeni Samsung smartfonları harada göstəriləcək?

"Samsung" şirkəti qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək "Mobile World Congress" (MWC 2018) sərgisi çərçivəsində təqdim edəcək. Bu barədə şirkət nümayəndəsi "CES-2018" Beynəlxalq istehlak elektronikası sərgisində bildirib.

Son.az ICTnews-a istinadən bildirir ki, əvvəllər smartfonların təqdimatı ilə bağlı şayiələr iki növə bölünüb: mənbələrdən biri şirkətin qurğularının "CES", digərləri isə "MWC" sərgisində nümayiş olunacağı ilə bağlı məlumatlar verib.

"Gizchina" resursunun bundan əvvəl "Android Headlines" saytına istinadən bildirdiyi kimi, "Samsung Electronics" qabaqcıl modellərin kütləvi yığılmasına yanvarda başlayacaq, yanvarın sonunda təqdim edəcək, martda isə satışa çıxaracaq. Məlum olub ki, qurğular şüşə korpusla təchiz ediləcək və beş rəng variantında buraxılacaq. Onların kameralarının yeni proqram təminatı ilə təmin ediləcəyi ehtimal olunur.

"Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da  dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.

Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək.