İtlərlə toy fotosessiyası edən xanım


Digərləri 12 Yan 2018 23:09:00 273 0

İtlərlə toy fotosessiyası edən xanım

Fəridə Nəbiyeva: "İtlərə faydam dəyirsə, gülüş hədəfinə çevrilməyimin önəmi yoxdur"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bakı küçələrində və ətraf rayonlarda sahibsiz  heyvanlar kimilərsə tərəfindən döyülür, öldürülür, işgəncələrə məruz qalır, ya da acından, soyuqdan tələf olurlar. Bir qrup heyvan müdafiəçiləri bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Pul yığıb yemək alır, baytara aparır, müalicə etdirir və onlara yuva, sığınacaq tapmağa çalışırlar. Əsas məqsədləri insanlar arasında heyvan sevgisini təbliğ etmək və küçə itlərinə qarşı olan zorakılığın qarşısını almaqdır. Lakin əksər insanlar duyğulu olmasa, bu problemin öhdəsindən gəlmək mümkün deyil. Onlar səslərini eşitdirmək, diqqət çəkmək üçün sosial şəbəkələrdə fərqli üsullara əl atırlar. Bu həftə isə toy fotosessiyasını heyvanlarla edən gəlin hamının diqqətinə səbəb olmuşdu. Biz də sosial şəbəkələrin müzakirə obyektinə çevrilən gəlinlə söhbətləşdik.

Müsahibimiz heyvan müdafiəçisi Fəridə Nəbiyevadır. Həmsöhbətimiz Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.

Bəysiz fotosessiya...

Fəridə toy günü geyinib-keçinib, fotoqrafla birlikdə Balaxanıya - sığınacağa yollanıb. Son zamanların trendinə çevrilən "love story"-dən fərqli olaraq, gəlin paltarında küçə itləri ilə şəkil çəkdirib. Deyir ki, heyvanları sevməyi ona valideynləri öyrədib. Bu səbəbdən də bəzi insanların küçə heyvanlarına olan rəftarı onu narahat edir: "İtlərin döyülməsi, işgəncə verilməsi, ac saxlanılması, yandırılması məni çox narahat edir. Bu, əsl problemdir. Mən hər həftə Balaxanıdakı sığınacağa gedirəm. İtlərə yemək aparıram, bəzən pul yardımı da edə bilirəm. İnsanların heyvanlara qarşı zorakı davranışlarını görəndə, çəkib sosial şəbəkə hesablarımda paylaşıram ki, belələri qınansın və problem ortadan qalxsın. Problemi həll etmək üçün minlərlə insanı buna cəlb etmək lazımdır. Ona görə də, biz qərar verdik ki, toy fotossesiyamızı heyvanlarla edərək, diqqətimizi bu sahəyə yönəldək".

Fəridə fotosessiyanı bəysiz edib. Deyir ki, toy günü olduğu üçün bəy məşğul olub: "Mən yoldaşıma demişdim ki, gəl fotosessiya edək, o isə deyirdi ki, bizim cəmiyyət bunu başa düşməyəcək. Hamı güləcək, gülüş hədəfinə çevriləcəyik. Mən bilirəm ki, onsuz da ilklərə çox vaxt gülürlər, amma sonra öz təsirini göstərir. Əgər mənim fotosessiyam insanları düşündürürsə, itlərə bir faydam dəyirsə, gülüş hədəfinə çevrilməyimin önəmi yoxdur. Sonra özü də bununla razılaşdı. Amma toy günü məşğul olduğu üçün gələ bilmədi. Əslində gəlin də çox məşğul olur. Amma bu, mənim məqsədim idi və etməli idim. Səhər rəfiqəmə zəng vurdum, gəlinlik paltarımı geyindim və küçə itlərinin sığınacağına getdik. Həmin gün hava çox soyuq idi. Külək, yağış yağırdı. Mən toyda iki gəlinlik paltarı geyinməli idim. Amma birinci paltarımı külək, palçıq yararsız hala saldığı üçün geyinmədim. Evə gəlib yenidən salonda hazırlaşdım və toya getdim".

"Heyvanlara qayğı ürəyin gözəlliyini göstərir"

Fəridənin şəkillərinə sosial şəbəkələrdə müxtəlif şərhlər gəlib. Neqativ şərhlərə əvvəlcə utansa da, pozitiv fikirlərin çox olması onu sevindirib: "Paylaşanda azca utandım. Sonra düşündüm ki, məqsədim yaxşıdır, fikir verməyim. İnsanlar əsas məqsədə fokuslanmır, fatanı, paltarı,  makiajı pisləyirdilər. Yoldaşım rəyləri oxudu və çox utandım. O isə dedi ki, mən səninlə fəxr edirəm. Heyvanlara qayğı ürəyin gözəlliyini göstərir. Rəylərdə çox insan pozitiv reaksiyalar verirdi. Anladım ki, cəmiyyət dəyişikliklərə, fərqliliklərə hazırdır".


Xəbərə aid fotolar