"Lənkəranda bir xanım digərinin burnunu dişləyib qopartmışdı"


Digərləri 12 Yan 2018 22:56:00 233 0

"Lənkəranda bir xanım digərinin burnunu dişləyib qopartmışdı"

25 illik LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov medicina.az-a müsahibəsində insanların burun cərrahiyyəsinə marağı, rinoplastikada yol verilən səhvlər və qeyri-adi əməliyyatlarından danışıb. Son.az həmin müsahibəni təqdim edir.

- Doktor, siz ixtisasca lor cərrahsız, eyni zamanda, Avropa Üz Estetik Cərrahiyyə Akademiyasının üzvüsüz. Siz də düşünürsüzmü yaxşı lor həm də yaxşı estetik cərrah olmalıdır?

- Bu, mənim şəxsi fikrim yox, müasir zamanın tələbidir. Zaman indi burun cərrahiyyəsi ilə yanaşı üz estetikasını da tələb edir. Amerika, Avropa, Türkiyədə rinoplastik cərrahı həm də peşəkar üz estetik cərrahıdır. Əgər bir insan burnundan narazı olub, rinoplastika əməliyyatına qərar verirsə və cərrah yanına gəlirsə, biz artıq onu ayrı yöndən dəyərləndiririk. Estetik cərrahiyyədən təsəvvürü olmayan həkim təbii ki, yalnız burunu düzəltməyi təklif edəcək. Kimi pasiyentin gətirdiyi şəklə baxır, kimi də pasiyentin seçiminə buraxır ki, necə istəsəz, elə də olacaq. Bunlar peşəkarlıqdan uzaq fikirlərdir. Ola bilər, ideal burun kəsilər, amma o burun o insanın üzünə yaraşmaz. Üzünə yaraşmayan burun pasiyent üçün faciədir. Hətta elə pasiyent olub ki, əməliyyatdan sonra əsəbləri dözməyib, intihar barədə düşünüb. Eləsi var, yenə həkimlər gəzir, 2-3 dəfə əməliyyat olunub. Məsələn, bu gün gənc xanım gəlmişdi, burnu zövqsüzdür. Amma baxdıq ki, xanımın çənəsi proporsionallıqdan uzaqdır. Əməliyyat zamanı mütləq çənəyə də "əl gəzdirmək" lazımdır. Almacıq nahiyəsi də doldurulmalıdır. Biz xəstəni başa salırıq. Təbii ki, o razılaşdı. Mən ən yaxşı burunu düzəltsəm də, yaxşı görünməyəcək. Düzdür, biz qeyri-adi iş görmürük. Bu, dünya estetik cərrahiyyəsinin adi tələbləridir. 

Bizim işimiz bir növ heykəltaraşlıqdır. Heykəltaraş bir adamın heykəlini düzəldəndə, o heykəlin simasında insanın xarakterini də göstərməyi bacarmalıdır. Xaraktersiz heykəl canlı olmayacaq. Estetik cərrah da gildən yox, insandan heykəl düzəldir. O insanın xarakterini, özəlliyini üzündə əks etdirməlidir. 

Baxın, gündə nə qədər burun əməliyyatı olunur. Nadir halda üzə yaraşan, təbii burun görərsiz. Baxırsan ki, qəşəng kiçik burundu, amma üzün heç bir parametrinə uyğun gəlmir. Axı Allah belə sima yaratmaz, bu gözəllik deyil. İnsanın qaşı, almacıq sümüyü, dodağı, alını, çənəsi - sənin kəsəcəyin buruna uyğun olmalıdır. 

- Hazırda bizdə burun əməliyyatı ən öndə gedən sahədir. Bu qədər artımın səbəbini maddiyyatda da görürəm... Burun kəsdirən çox, əməliyyat çox, gəlir də çox... 

- Xeyr, pula bağlamağı düzgün saymazdım. Mən 1991-ci ildə bu sahəyə gəlmişəm. Onda bu qədər dəb deyildi, gəlir də yox idi. O zaman LOR həkimi heç bu qədər dəyərləndirmirdilər. Bizə "boğaz əti kəsən" kimi baxırdılar. Amma biz otolarenqologiyanı  inkişaf etdirdik, yeniliklər gətirdik. Hərdən 30 il əvvəl etdiyim əməliyyatlara baxıram, özümə ləzzət edir ki, avadanlıqlar, imkanlar olmayan vaxtda nə yaxşı iş görmüşəm. 

- 30 il əvvəl kimlər burun əməliyyat etdirirdi?

- O vaxtlar bu qədər deformasiyalı burun  yox idi. Ancaq travmalı burunlar gəlirdi. Amma indi elə burunlar gəlir ki, lap məəttəl qalırsan. Yəni travma almayıb, burnu anadangəlmə deformasiyalıdır. Yəni indi qızlarda daha çox kişilərdə olmalı burunlar formalaşır. Səbəbi yəqin ki, genetika, ekologiyadır. 

- Bu gün rinoplastika sahəsində nələr sizi narahat edir, nədən narazısız?

- Üz estetik cərrahiyyəsini öyrənmədən, ya öyrənməkdən bilərəkdən imtina etmək ki, mən ancaq burun əməliyyatı edəcəm - bax, bu yanaşmadan narazıyam. 

Mən keçirdiyim bütün əməliyyatları video çəkiliş edib, arxivə salıram. Çünki sabahkı gün gördüyüm işə cavab verməliyəm. İndi o dövr deyil axı hər şey gizli qalsın. Sabah problem olanda cərrah deyəcək ki, mən hər şeyi düz etmişəm. Bəs hanı göstər. Niyə çəkilməyib? Bu bütün dünyada belədir.  Mən kiminsə nəsə etməyinin əleyhinə deyiləm. LOR həkimdir, rinoplastika cərrahıdır, amma estetik cərrah deyil, ola bilər. Problem ondadır ki, estetik cərrahdır, amma baş boyun sahəsini bilmir, LOR deyil. 

Burun fiziologiyasını, funksiyasını dərin bilməkdən ötrü 30 il də azdır. Təsəvvür edin, bir insanın mədə-bağırsağı sıradan çıxıbsa, onun burun tənəffüsündə problem yaranacaq. Gələcək LOR yanına, o da burun dərmanı yazacaq. Yaxşı həkim burunun nədən qaynaqlanaraq nasazladığını araşdırmalıdır. Estetik cərrah burnun fiziologiyasını yaxşı bilə bilməz. Çünki bir insanın vaxtı, potensialı o qədər deyil ki, hər sahəni mükəmməl bilsin. Mən baş-boyun cərrahıyam, gözlər də başda yerləşir, indi durum göz əməliyyatı edim, axı edə bilmərəm. Çünki gözləri öyrənməmişəm. Amma ki, görürəm xəstənin  üst damağında bir dişi vardı, o xəstəyə əzab verəcək. Onu stomatoloq belə çıxara bilməz. Elə plombla işlənmişdi ki, diş damaq sümüyünə yapışmışdı. O xəstənin elə narkozdaca dişini çəkdim. Ayılandan sonra o xoşbəxtlikdən uçacaq. Amma indi durum stomatoloq işləyim, implant edim olmaz. Hər kəs öz işini görməlidir. Estetik cərrah var ki, əl-ayaq-bədəni əla əməliyyat edir, ayaq köçürür, əyriliyini düzəldir. O sahənin də peşəkarı olmalıdır. Bir estetik cərrah hər şeyi üzərinə götürsün, həm üz, həm burun, həm bədən - o cərrahın işi mükəmməl ola bilməz. Bir insan çox şey biləndə o heç nə bilmir. 

- Yəni bir burunu kəsmək bu qədərmi çətindir?

- Burun xarici bir orqan deyil ki, kəsəsən, forma verəsən. Burunun daxili o qədər genişdir, elə bil mürəkkəb bir kombayndır. Bu yaxında bir gənc xanımı əməliyyat etdik. Nə vaxtsa burnunu əməliyyat etdirib. Sözün düzü, yaxşı burun deyildi. Amma pasiyenti artıq xarici görünüş maraqlandırmırdı. Dərdi nəfəs almaq idi. Baxdıq ki, onu əməliyyat edərkən səhvən burunun dayağı olan burun çəpəri də götürülüb. Burun çox yatmışdı. Biz pasiyentin kistalarını endoskopik yolla təmizlədik, xarici burun bərpası üçün qabırğasından istifadə etdik. Amma niyə bu vəziyyətə gəlib çatmalıydı? O da hamı kimi gözəl burun istəyirdi, amma şikəst qalacaqdı. Elə bilirsiz çökmüş, çəpərsiz, qığırdaqsız burunu düzəltmək asandır? Bu da xəstəyə ikinci travmadır. Amma əsas odur xəstənin nəfəsalması bərpa oldu. 

- Siz Avropada tez-tez olursuz. Orda da bizdəki qədər burun kəsdirmək dəbdədir? Bizdə hətta borca girib burun plastikası etdirirlər. Artıq öz təbii burnunda olan qız tapmaq çətindir.

- Avropada burun bizdəki kimi iri və deformasiyalı deyil. Statistikaya gələndə, Braziliyada xanımların hamısı estetik əməliyyatdan keçir, əsas də bədən quruluşu. Burun kəsdirməyə meyillik pis bir tendensiya deyil. İnsanın nə qədər ömrü var ki? İllər tez gedir, insan qocalır. Ona görə cavan yaşlarında xarici görünüşə önəm vermək lazımdır. İndi xanımlarda 30 yaşdan sonra üz estetikasına müraciət etmək daha çoxdur: botoks, üzün saplarla dartılması və s. 

- Siz bunları da edirsiz? Bunlar da əməliyyatdır?

- Əlbəttə. Estetik cərrah bu prosedurları da edir. Üzə sap qoymaq cərrahi əməliyyatdır. Sizə təəccüblü gəldi. Ona görə ki, indi salonlarda heç tibbi diplomu olmayan kosmetoloqlar botoks, mezo edir, sap qoyur. Bu, yolverilməzdir. Dəhşətli hallardır. Bunlar cərrahi profilli işlərdir. Botoksu hara oldu, necə oldu vurmaq olmaz. Üzün anatomik fizioloji quruluşunu bilmədən, dərini, sümüyü bilmədən üzə iynə vurmaq olar?

- Yazıq, bədbəxt qadınlar...

- Əlbəttə, sözün əsl mənasında böyük bədbəxtçilikdir. Mən az qala hər gün qadınların dodaqlarından süni gel çıxardıram. Süni gel o dərəcədə əzələnin içinə yeriyir ki, heç onu çıxarda bilmirik, bəzən əzələ ilə birlikdə kəsib atırıq. Harda edirlər? Salonlarda, zirzəmi tipli yerlərdə! Bunlara nəzarət olunmalıdır.

- Onda sizin əsas işiniz həm də başqaları tərəfindən olunmuş səhvlərin, qüsurların düzəldilməsidir.